Media nümayəndələri və təhsil ekspertləri BDU-da imtahan prosesini izləyiblər

Sakit, imtahan gedir! İmtahanın sakitliyini bu dəfə media nümayəndələri və təhsil ekspertləri pozdu.

 

APA TV-nin xəbərinə görə, Bakı Dövlət Universitetində (BDU) imtahan prosesini ali təhsil ocağının rektoru Elçin Babayevlə bərabər Mətbuat Şurasının sədri Əflatun Amaşov, media qurumlarının rəhbərləri və təhsil ekspertləri izləyiblər.

 

BDU-nun rektoru Elçin Babayev imtahan prosesi və universitetdə baş verən yeniliklər barədə məlumat verib.

 

O bildirib ki, universitetdə bir çox istiqamətdə işlər gedir. "Böyük sürətlə universitetin elektronlaşdırılmasına başlanılıb. BDU bu məsələdə bir az geciksə də, artıq bu prosesə start verilib. Böyük üstünlük ondadır ki, proses bizim tələbə və müəllimlərin iştirakı ilə həyata keçirilir. Bu məsələ üçün müəyyən maliyyə vəsaiti ayırsaq da, üstünlüyümüz kadrların hazırlanmasıdır. Bu sahədə bizim böyük potensialı olan iki böyük fakültəmiz var ki, onların imkanlarından istifadə edəcəyik''.

 

İmtahanların bir qayda olaraq yazılı formada, zərurət yarandığı hallarda rektorluğun qərarı əsasında bəzi fənlər üzrə şifahi dialoq və test formasında keçirildiyini vurğulayan  Elçin Babayev tələbələrin imtahanlarla bağlı istənilən müraciətlərinə İmtahan Qərargahı tərəfindən operativ qaydada baxıldığını bildirib.

 

Sonra proses iştirakçıları sessiyanın gedişinə nəzarət edən tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması işini həyata keçirən İmtahan Qərargahının fəaliyyəti ilə də tanış olublar.

 

Qərargahın rəhbəri Elşad Qurbanov bildirib ki, imtahanlar başlayandan bu günə qədər 600-ə yaxın tələbə tərəfindən qərargaha şikayət daxil olub və bu şikayətlər araşdırılıb.

 

Eyni zamanda tədbir iştirakçıları monitorinq otağında auditoriyalara kameralar vasitəsilə baxış keçirilməsi prosesi ilə də tanış olublar.

 

İlahə Vəliyeva

Əli Ələkbər

APA TV

Müəllif | Apa.Tv
Apa.tv