Media və QHT rəhbərləri: "Ağdam əvvəlkindən də gözəl olacaq" - SORĞU
Ötən gün media, QHT rəhbərləri və sosial media fəalları işğaldan azad olan Ağdama səfər etdilər.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, silahı qələm olan söz adamları Ağdam şəhərinə yeni çəkilən dəmir yol xətti boyunca ANAMA əməkdaşlarının minatəmizləmə işləri ilə tanış oldular, ermənilərin basdırdığı minaların zərərsizləşdirilmə anlarını müşahidə etdilər. Ağdamın Cümə məscidində, Birinci Şəhidlər Xiyabanında və Şahbulaq qalasında oldular, sonra Uzundərə adlanan ərazidə Ağdamın İkinci Şəhidlər Xiyabanının dağıntılarını gördülər.
Qonaqlar düşmənin Ağdamda törətdiyi vəhşiliklərdən dəhşətə gəldiklərini gizlətməyiblər:
"İmarətə daxil olsaq, mən evimizi sizə göstərərdim. Burdan təxminən 200 metr aralıda idi evimiz. Mən burda doğulub böyümüşəm. Söz adamı olsam da, fikrimi ifadə edə bilmirəm. Bizim bir qonşumuz vardı - Musa dayı. O, bir pilləkən düzəltmişdi, biz hər il o pilləkənə çıxıb burdakı konsertə baxırdıq. Mənim yaş qrupumdan olan insanlar yaxşı xatırlayar, hər il Zeynəb Xanlarovanın burda möhtəşəm konserti olurdu. Ağdamlılar artıq alışmışdı ki, hər il eyni vaxtda Zeynəb Xanlarova burda konsert verəcək. Stadionun içinədək bura adamlarla dolu olardı. Sonradan "Xarı Bülbül" festivalı keçirilməyə başlandı".
"Erməni vandalizminin miqyası yoxdur. Yollar, evlər, abidələr, ağaclar... Vəhşi düşmən bütün “məharətindən” istifadə edib, insanlığa utanc gətirən bir suç işlədiblər. Bir az öncə Şəhidlər Xiyabanında idim. Bütün məzarları goreşən kimi eşiblər".
"Ağdama ilk səfərimdir. Uzun müddət idi gəlib görmək istəyirdim. Ermənilərin həmişə bütün davranışları barışığa zidd olub. Amma mən qazılan məzarları gördüm. Bunu gəlib gördükdən sonra Azərbaycan insanına çox pis təsir edəcək. Düşünürəm ki, bu istiqamətdə çox iş görmək lazım gələcək".
"Bu günədək bir neçə səfər olmuşdu, televiziyalardan izləmişdik. Ancaq bu qədər ətraflı, detallı səfər təşkil olunmamışdı. Ağdamın demək olar ki, hər guşəsi ilə tanış olduq. Təbii ki, Ağdamın bu vəziyyəti üzür bizi. Vəhşidirlər, bunun ayrı adı yoxdur. Dünyada buna bərabər heç bir cinayət törədilməyib heç bir müharibədə".
"Biz yolboyu gələndə, mətbuatdan oxuyurduq ki, Qafqazın Xirosiması. Həqiqətən də Xirosimadır Ağdam. İndi hazırda Cümə məscidindəyik. Xocalıda qətlə yetirilənlər bura məscidə gətirirdilər. Bu məscidin divarları həmin qışqırıqların, harayların şahidi olub. Amma çox şükür ki, biz bu yerləri aldıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
"Əvvəlcə başqa hisslər keçirirdim, indi başqa hislər. Amma indi baxıram ki, həyat davam edir. Biz buranı tikəcəyik, biz buranı yaradacağıq. Ermənilər başa düşsün ki, ondan da gözəl Ağdam olacaq, əsl Ağdam olacaq. Hər yeri par-par parıldayan damları olacaq. Bunu hamı bilsin - bütün varlığımızla, bütün eşqimizlə, hər bir şeyimizlə biz buranı quracağıq".
İndi bu torpaqlar azaddır. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcər və Laçınla yanaşı, Ağdamı da bircə güllə atmadan azad etdi. Əminik ki, dağıdılmış, yandırılmış Ağdamın külündən yenə od törəyəcək və bir daha sönməyəcək.