Mediada uşaq hüququları necə qorunur?
Bakıda “Audiovizual mediada uşaq hüquqularının qorunması” mövzusunda tədbir keçirilib. Tədbirin əsas məqsədi qarşıdan gələn 1 iyun uşaqların müdafiəsi günü münasibətilə ictimai məlumatlılığı artırmaqdır. Tədbirdə Audiovizual Şuranın, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Medianın İnkişafı Agentliyinin nümayəndələri iştirak ediblər.
Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov mediada uşaq hüquqularının qorunması ilə bağlı müəyyən nöqsanların olduğunu bildirərək bunun ictimaiyyəti narahat etdiyini deyib. O bildirib ki, bu sahədə birbaşa Audiovizual Şura özü monitorinq aparmasa da, ümumilikdə monitorinqlər keçirilir və araşdırmalar aparılır. Bəzən monitorinqdə aşkarlanmayan pozuntular şikayət əsasında müəyyən edilir və pozuntulara görə yayım dayandırılır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Sevil Rəsulzadə isə media nümayəndələrini, xüsusilə, uşaqların intihar xəbərlərini silsilə olaraq sensasiya halında verməməyə çağırıb. Çünki uşaqların intihar xəbərləri onlar arasında daha çox izlənilir və bu da həmin xəbərlərin zəncirvari hal almasına gətirib çıxarır.
Medianın İnkişafı Agentliyinin nümayəndəsi Səbinə Seyidova sosial xarakterli verilişlərdə uşaqların hüquqlarının pozulması hallarına rast gəlindiyini deyərək, ailə mövzusu, konfliktlər, ölümlər və s. mövzuların mediada daha çox tirajlandığına diqqət çəkib.
Bundan başqa isə inkluziv dəstəyə ehtiyacı olan uşaqların mediada möhtac və əlacsız kimi təqdim edilməsinin yolverilməz olduğu bildirilib.
Tədbirdə həmçinin Tovuzda 13 yaşlı qızın itkin düşməsi xəbərindən sonra onunla bağlı xəbərlərdə üzünün açıq göstərilməsi, adının və ünvanının dəqiq qeyd edilməsilə bağlı bəzi yayımçılara xəbərdarlıq göndərildiyi bildirilib.