Mehdiabadda evdən oğurluq edən keçmiş məhkumlar tutuldu
Abşeronda evdən pul, qızıl-zinət əşyaları və mobil telefon oğurlayan şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Mehdiabad qəsəbə sakini Ağasiyeva Rəhimə Vaqif qızı Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə ərizə ilə müraciət edərək, ona məxsus mənzildən 2950 manat dəyərində qızıl-zinət əşyalarının, 500 manat nəğd pul və “Samsung” markalı mobil telefonun oğurlandığını bildirib.
Abşeron Rayon Polis İdarəsinin və Mehdiabad Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Nihad Qarayev və Murad Qocayev saxlanılıb.
Saxlanılan Nahid Qarayev əvvəllər də məhkum olunduğunu deyir: “Əvvəllər bıçaqlama və oğurluqla məhkum olunmuşam. İndi də oğurluqla tutulmuşam. Murad gəlib yaxınlaşdı ki, ev var və heç kim yaşamır. Getdik həmin evə. Pəncərədən evə daxil olduq. Çamadanın içərisində qızıl var idi. Qızılı götürdük. Pulu döşəyin altından, telefonu isə stolun üzərindən götürdük. Getdik şəhərə. Qızılları satıb pulu böldük. Telefon isə Muradda qaldı”.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində istintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin digər cinayət əməllərinin olub-olmaması istintaqın sonunda məlum olacaq.