Məhəmməd Əmin Rəsulzadə vəfatının 65-ci ilində Bakıda anıldı
Bakıda Məhəmməd Əmin Rəsulzadənin vəfatının 65 illiyinə həsr olunmuş anım mərasimi keçirilib.
APA TV-nin məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin Ev Muzeyinin Yaradılması İctimai Qrupunun təşkilatçılığı ilə Milli Hüquq Evində baş tutan tədbirdə tarixçilər, ictimai-siyasi xadimlər və təşəbbüs qrupunun üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən tarix üzrə fəlsəfə doktoru, professor Firdovsiyyə Əhmədova bildirib ki, Məhəmməd Əmin Rəsulzadənin həyatı və yaradıcılığı bütövlükdə Azərbaycanla bağlı olub: “Rəsulzadə barədə ancaq nikbin notlarla danışmaq lazımdır. O, ömrünün sonuna qədər Azərbaycanın müstəqilliyin bərpa olunacağına inanırdı. Rəsulzadənin öz silahdaşları ilə məktublaşmalarını izləyəndə də onun sabaha nikbinliyinin, inamının olduğunu görürük”.
İctimai Qrupun üzvü Nəcibə Bağırzadə Rəsulzadənin həyatının hər dövründə Azərbaycan üçün çalışdığını deyib və onun hər zaman gənc nəsil üçün örnək olduğunu bildirib: “Rəsulzadənin bütün həyatı Azərbaycanla, onun istiqlalı ilə bağlı olub. Əgər Məhəmməd Əmin Rəsulzadənin həyatından, ömür səhifələrindən Azərbaycan davasını, istiqlal uğrunda mübarizə apardığı illəri, anları silsək, Rəsulzadənin həyatında demək olar ki, heç nə qalmaz. Rəsulzadə bu davanı aparmağa başlayanda cəmi 19 yaşı var idi”.
Daha sonra Məhəmməd Əmin Rəsulzadənin Ev Muzeyinin Yaradılması İctimai Qrupunun rəhbəri, tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidinin Rəsulzadənin həyatından bəhs edən sənədli filmi nümayiş etdirilib.
Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edib. Məzarı Ankaranın Cəbəci Əsri qəbiristanlığındadır.
Həmidağa Məcidov,
Üzeyir Ağayev,
APA TV