Prezidentin köməkçisi Məhərrəm Əliyev DSX-nin hesabatını dinləyib

 

Dövlət Sərhəd Xidmətinin (DSX) 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.

APA TV-nin məlumatına görə, hesabat müşavirəsində Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev iştirak edib.

Məhərrəm Əliyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərhəd təhlükəsizliyi məsələlərinə ali diqqət və qayğısı, hesabat dövründə dövlət sərhədinin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətlər, DSX qarşısında duran vəzifə və tapşırıqlar haqqında müşavirə iştirakçıları qarşısında çıxış edib.

DSX rəisi general-polkovnik Elçin Quliyev müşavirədə hesabat məruzəsi ilə çıxış edərək, silahlı birləşmələrin və digər struktur qurumların xidməti fəaliyyətini qiymətləndirib, 2020-ci ildə DSX qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib. 2019-cu ilin Azərbaycan Sərhəd Mühafizəsi üçün Ermənistan ilə dövlət sərhədinin mühafizəsi və müdafiəsi işinin təşkilinə başlanılması, döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndirilməsi ilə əlamətdar olması qeyd olunub.

 

Hesabat müşavirəsində Azərbaycan sərhədçilərinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarını və vəzifə borclarını daima şərəf və ləyaqətlə yerinə yetirəcəkləri vurğulanıb.

Müəllif | Apa.Tv
Apa.tv