Məhkəməsi gedən narkotacir yenə narkotiklə tutuldu
Balakəndə dəfələrlə məhkumluq həyatı yaşayan narkotacir tutulub.
APA TV-nin məlumatına görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Mahamalar kənd sakini, 57 yaşlı Bəxtiyar Kərimov saxlanılıb.
Üzərində aparılan axtarış zamanı ondan 9 ədəd bükümdə 13 qramdan artıq heroin və 3 ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Onun yaşadığı evə də baxış keçirilib. Oradan sellofan torbada 50 qrama yaxın heroin, elektron tərəzi və qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Qeyd edək ki, Bəxtiyar Kərimov əvvəllər adam öldürməyə cəhdə görə bir dəfə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə iki dəfə məhkumluq həyatı yaşayıb. Bir müddət əvvəl isə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılıb. Onun işinə hazırda Zaqatala rayon Məhkəməsində baxılır.
Faktla bağlı araşdırma aparılır.