Azərbaycan və Ukraynanın birinci xanımları Heydər Əliyev Mərkəzində olub

Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Əliyeva və Ukrayna Prezidentinin xanımı Yelena Zelenskaya dekabrın 17-də Heydər Əliyev Mərkəzində olub.

APA TV-nin məlumatına görə, 1-ci vitse-prezident Mehriban Əliyeva və Ukraynanın birinci xanımı Yelena Zelenskaya Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən sərgilərə baxıb. Mərkəzin direktoru Anar Ələkbərov məlumat verib ki, burada yaradılan Heydər Əliyev Muzeyi Azərbaycan tarixinin və ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirir. Burada ulu öndərə aid maraqlı faktlar, fotolar, videomateriallar və digər nadir eksponatlar təqdim olunur.

Azərbaycanın 1-ci vitse-prezidenti və Ukrayna Prezidentinin xanımı “Azərbaycan inciləri” sərgisinə baxıb.
Azərbaycan tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş etdirilir.

Heydər Əliyev Mərkəzində izləyicilərə təqdim olunan daha bir nadir layihə “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisidir. Ekspozisiyada müxtəlif ölkələrin XVIII-XX əsrlərə aid 170-dən çox musiqi aləti nümayiş olunur.

Mərkəzdə yaradılan “Mini Azərbaycan” sərgisi isə Azərbaycanın tarixi və arxitektura binalarının maketi vasitəsilə ölkəmizin zəngin memarlıq nümunələrini görmək imkanı verir. Mehriban Əliyeva və Yelena Zelenskaya “Kukla incəsənətdə” sərgisinə də tamaşa edib.

Sərgidə 16 ölkədən 60 rəssam-heykəltəraşın əl işi - 230 kukla nümayiş etdirilir. Onların arasında ukraynalı müəlliflərin də əl işləri yer alıb. Buradakı sənət əsərləri ümumilikdə 400-dən çox eksponatdan ibarət kolleksiyanın nümunələridir və onların əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir.

Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf, sovet fotoqrafiyasının klassiki Yakov Xalipin əsərlərindən ibarət “Avanqard davamçısı. Azərbaycan gündəliyi” adlı sərgi də fəaliyyət göstərir.

Yelena Zelenskaya Heydər Əliyev Mərkəzinin xatirə kitabına ürək sözlərini yazıb. Qonağa Azərbaycan haqqında kitab hədiyyə edilib.

 

Ukrayna Prezidentinin xanımı Mərkəzlə tanışlıqdan məmnun qaldığını bildirib.

Müəllif | Apa.Tv
Apa.tv