Mehriban Əliyevanın tapşırığı ilə Elçibəyin evi təmir olundu - REPORTAJ
Bu ev mərhum eks-prezident Əbülfəz Elçibəyin uzun illər yaşadığı mənzildir. Vaxtilə bura şəraitsiz olduğundan, Əbülfəz bəyin həyat yoldaşı Həlimə xanım vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib. Müraciətdə evinin təmir olunmasına köməklik göstərilməsi xahiş edilib. Xahişə dərhal reaksiya verilib, evdə təmir işlərinə başlanılıb. Hazırda təmir işləri yekunlaşmaq üzrədir.
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən evin əsaslı təmiri Heydər Əliyev Fondu tərəfindən həyata keçirib. Əbülfəz bəyin yaxın qohumu Çingiz Əliyev deyir ki, mərhum prezident ömrünün son illərini bu evdə yaşayıb.
Elçibəyin qohumu Çingiz Əliyev deyir ki, evdə istilik sisteminin olmaması, dam örtüyünün yararsız vəziyyətdə olması səbəbindən mənzildə rütubət və nəmişlik yaranıb. Bu səbəbdən evdə Əbülfəz bəyə məxsus olan kitablar və əşyalar məhv olmaq təhlükəsi ilə üz üzə qalıb: “Əbülfəz bəy 1998-ci ildən 2000-ci ilədək bu evdə yaşayıb. Ona və ailəyə məxsus olan bütün əşyalar bu evdə qorunub saxlanılır. Onun illərlə yatdığı çarpayı, işlədiyi iş masası, oxuduğu kitablar, ona verilən hədiyyələr, Türkiyədə xəstəxanada olduğu müddətdə ona verilən hədiyyələr də burada qorunub saxlanılır”.
Bu otaq vaxtilə Əbülfəz Elçibəyin iş otağı olub. Bu otağa dünyanın müxtəlif ölkələrindən qonaqlar gəlib. Yaxınlarının verdiyi məlumata görə, burada olan əşyalar hər biri qorunub saxlanılır. Təmir başa çatdıqdan sonra öz əvvəlki görünüşünü bərpa edəcək və ziyarətçilərin üzünə açıq olacaq: “Biz buraya bir ev kimi baxmamışıq, hər zaman Əbülfəz Elçibəyin irsinin qorunub saxlandığı ocaq, Əbülfəz Elçibəyin gəzdiyi müqəddəs məkan kimi baxmışıq. Biz istəyirdik ki, bu ocağı gələcəkdə muzey olana kimi qoruyub saxlaya bilək. Sağ olsunlar ki, dərhal reaksiya verildi. Rəhmətlik Həlimə xanımın sağlığında da o bildi ki, yaxın vaxtlarda evdə təmir işləri başlayacaq. Onun da arzusu yerinə yetdi. Son 3 ay ərzində burda təmir işləri aparıldı və hər şey sıfırdan yeniləndi”.
Çingiz Əliyev deyir ki, iki mərtəbə və mansardan ibarət yaşayış evində kanalizasiya, işıq və su sistemi tamamilə yenilənib. Yaşayış evinin yerləşdiyi həyətyanı sahə abadlaşdırılıb. Gələcəkdə burada Əbülfəz Elçibəyin xatirəsinin əbədiləşdirilməsi üçün xüsusi guşənin də yaradılması nəzərdə tutulur: “Üç otaq və mansarda biz xüsusi rəflər düzəltmişik ki, orda Əbülfəz bəyin şəxsi və görüşlərdən olan şəkilləri, onun əlyazmaları, və kitabları saxlanılsın. Bu evdə onun ailə üzvləri də yaşayacaq. Ona görə burada Bəyə məxsus üç otaq ayrılacaq. Gələcəkdə bu otaqları Əbülfəz Elçibəyin ev muzey kimi təqdim etmək niyyətindəyik”.
Qeyd edək ki, Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. "Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürümüzü bildirirəm. Bizim yaşadığımız evin təmiri ilə bağlı müraciət öz həllini tapdı və yaxın günlərdə təmir olunan evimizə yerləşəcəyik", - deyə Ərturqut Əliyev bildirib.