Mehriban Vəliyeva: “Bu proses bizim tam əyani tədrisə keçməyimizə şərait yarada biləcək”

“Dünəndən etibarən müəllimlərin vaksinasiyasına başlanılıb, 50 yaşdan yuxarı olan  müəllimlər peyvənd olunurlar. Biz hazırda 56 saylı orta məktəbdəyik. Vaksinasiya prosesi burda da davam edir. Vaksin ediləcək şəxslər ilk olaraq qeydiyyatdan keçirlər və burada peyvənd olunurlar”.

 

Hər mərkəz üzrə gündə təxminən 120 nəfərin peyvənd olunması nəzərdə tutulub. Təhsil işçiləri vaksin vurulduqdan sonra həkim nəzarəti altında 15-20 dəqiqə gözləyir, daha sonra evə buraxılırlar:

 

Həkim-reanimatoloq Arzu Zeynalova deyir ki, 28 gündən sonra bu şəxslər peyvəndin ikinci mərhələsi üçün müraciət edə bilərlər: “55 yaşdan 65 yaşa qədər olan təhsil işçilərini peyvənd edirik. İkinci gündür ki, artıq vaksinasiya prosesi davam edir. 2 məktəbi keçirtmişik, bu gün isə 3 məktəb keçəcək vaksinasiyadan. Heç bir problem olmayıb. Vaksin vurulandan sonra 15-20 dəqiqə gözləyirlər, sonra evlərinə qayıda bilərlər. Daha sonra 28 gündən sonra təkrar vaksinasiyaya gələcəklər”.

 

Peyvənd olunan müəllimlər səhhətlərində heç bir problemin yaranmadığını, şagirdlərlə təmasda olduqları üçün vaksinasiyanın vacib olduğunu deyirlər.

 

Müəllim Nazlı Maqsudova risk qrupuna daxil olduğu üçün peyvəndlənmənin vacib olduğunu bildirir: “61 yaşım var, 25 nömrəli məktəbdə müəllimə işləyirəm. Biz müəllimlər də həmişə uşaqlarla təmasda olduğumuz üçün peyvənd olunmaq ən vacib şərtlərdəndir. Həm də mən şəkər xəstəsi olduğum üçün risk qrupuna daxiləm. Ona görə bu vaksini vurdurmağa can atırdım, hazırda da özümü yaxşı hiss edirəm. Yəqin ki, ikincini də vurduraram, lap yaxşı təsir edər”.

 

Aygün Məmmədova isə əvvəlcə tərəddüd etdiyini vurğulayıb: “57 yaşım var. Sözün açığı tərəddüd edirdim. Amma dövlətimizə inanaraq gəldim. Bizə qayğı göstərirlərsə sağ olsunlar”.

 

Vaksinasiyanın rahat keçirilməsi üçün İcbari Tibbi Sığorta Agentliyi Təhsil Nazirliyi ilə birlikdə 10 məktəbdə məntəqələr yaradıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın sözlərinə görə, müəllimlərin vaksinasiya olunması əyani təhsilə keçməyə şərait yarada bilər: “Artıq mart ayının 3-dən etibarən təhsil işçiləri vaksinasiyaya başlayıblar. Bizim paytaxtda 20 mindən çox pedaqoji və texniki işçi heyət var. Onlar növbəli şəkildə, səhər 9-dan günorta 3-ə qədər vaksinasiya ediləcəklər. Müəllimlərin peyvənd olunması onların yoluxma riskini azaldır. Bu proses bizim tam əyani tədrisə keçməyimizə şərait yarada biləcək. Müəllimlər bu prosesə güvənli şəkildə qoşulurlar”.

 

Vaksinasiya prosesi Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərində - Binəqədi rayonunda - 276,  Xətai rayonunda -56, Xəzər rayonunda -26,  Suraxanı rayonunda – 84,  Sabunçu rayonunda – 90, Səbail rayonunda – 239, Nərimanov rayonunda – 258, Nəsimi rayonunda - 14, Nizami rayonunda 129,  Yasamal rayonunda 158 saylı tam orta məktəblərdə həyata keçirilir.

 

Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 337 315 nəfər peyvəndlənmə prosesində iştirak edib.

 

Fatma Zahidqızı,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv