Məhsul bol, tələbat yox - ASTARA BAĞLARINDA NARİNGİ YIĞIMI
Sitrusçuluq Astara rayonunun iqtisadiyyatının əsas hissəsini təşkil edir. Sitrus meyvələri arasında isə naringinin xüsusi yeri var.
APA TV – nin yerli bürosu xəbər verir ki, artıq bir neçə gündür ki, kəndlərdə naringinin yığımına başlanılıb. Bir işçi qüvvəsi gün ərzində təqribən 350 – 400 kq məhsul yığa bilir. Bu il məhsul bol olsa da, qiymətin aşağı olması fermerləri qane etmir. Məhsulun qiyməti isə irili - xırdalığına görə çeşid ediləndən sonra müəyyənləşir.
Fermer Davud Ağayev deyir ki, səhər saat 9 – dan başlayırıq dərməyə, axşam saat 5 – 6 da qurtarırıq və gecələr yerində yığıb dəyişirik, ümumiyyətlə bunların irilərini, xırdalarını ayrı seçirik və irilərini 1m, 20 qəpik – 1m, 50 qəpik satırıq. Xırdalarını 70 – 80 qəpiyə satırıq.
Hazırda bağlardan naringinin “karli” sortu yığılır. Qiymətin aşağı olmasına görə, fermerlər məhsulu anbarlara yığmaq məcburiyyətində qalıblar. Onlar bildirir ki, qiymət yuxarı olsa, çəkdiyimiz əziyyətin xeyrini görərik.
Fermer Vüsal Hüseynov deyir ki, hələki, qiymət hal – hazırdakı qiymət 90 qəpikdən – 1m, 50 qəpiyə qədər var: “Hələki bizi qane eləmir. İnşallah saxlamalıyıq ki, qiymət bir az münasib olan kimi satarıq, yəni hər şeyi də, bizim də dolanışığımız bununladır. Dərman, 6 ilin ağacıdır. Birinci alırdım gübrəni 14 manata, indi hal – hazırda amahostdu, üzvü gübrələr bahalaşıb. İndi 94 manatdır. Peyin 100 – 120 manat idisə, indi 240 manatdır. Baha olduğu üçün bizi qane eləmir”.
Fermerləri narahat edən məsələlərdən biri də, təbii yerli məhsul bol ola-ola, xarici məhsulun ölkəmizə gətirilməsidir. Fermerlərin sözlərinə görə əgər xaricdən məhsul gəlməsə, yerli bazarda məhsullarını münasib qiymətə sata bilərlər.
Fermer Tural Hidayətovun sözlərinə görə isə, əvvəlki illərə nisbətən məhsuldarlıq bu il boldur: “Amma qiymət bizi qane eləmir. Həm işçi qüvvəsində bahalaşma olub, həm ağaclara verdiyimiz aqrotexniki qulluqlarda, dərmanlanma, mineral və üzvü gübrələrin bahalaşması, su – işıq pullarının bahalaşması əziyyətimizin bəhrəsini vermir. Xarici bazarlarda bu il tələbat yoxdur. Hələki xarici bazarlara daşıyan yoxdur. Dövlət qurumları dəstək olsa, xaricə məhsul çıxsa, qiymət, təbii ki, bahalaşma olacaq. Tələbat azdır, məhsul çoxdur.
Qeyd edək ki, Astarada 2298.8 hektar naringi bağı var. Onlardan 1048.4 hektarı məhsuldardır. Naringi məhsulunun istehsalının əsas hissəsi rayonun Səncərədi, Kijəbə, Siyəkü, Şüvü, Ojəkəran, Pensər kənd fermerlərinin payına düşür. Bu il məhsul xarici bazarlara idxalı olmadığından, məhsulun satışı respublika paytaxtında, eləcə də respublikanın digər böyük şəhərlərində təşkil edilir.
Hazırda bağlarda naringi yığımı davam edir. Bu il bağlardan 50000 tona kimi naringi yığımı gözlənilir.
İlkin Rzayev
Rövşən Almazoğlu
APA TV Astara