“Məhsul” stadionu sökülür – YERİNDƏ YENİSİ İNŞA OLUNACAQ
Bura Yasamal rayonu ərazisində yerləşən, el arasında “Məhsul” stadionu kimi tanınan idman qurğusudur. Hazırda Yasamal rayonu İdman-Sağlamlıq Kompleksi adlanır. Stadionun ətrafında yaşayan sakinlər iddia edirlər ki, stadion söküləcək və yerində hündürmərtəbəli bina tikiləcək.
Yeganə istirahət yerlərinin bu stadion olduğunu deyən Sona Mədətova sözügedən idman qurğusunun sökülməsindən narahatdır: “Biz burada dincəlirik, biz burada sağlamlığımızın qayğısına qalırıq. Həmçinin idman edirik. Uşaqlar gəlib burada futbol oynayırlar. Biz qocalar da bu stadionda nəfəsimizi dəlirik. Harada gedib dincələk? Hər yer binalardır. Nə bina? Burda bina tikmək olmaz. Bura camaatın sağlamlıq yeridir. Bir dəfə şəhərin icra hakimi gəlmişdi bura. 4 qara maşın gəldi. Eldar Əzizov da düşdü o maşından. Yanında da bir neçə nəfər var idi. Baxdılar, söhbət edib getdilər. Bizimlə danışmadılar. Özləri nəsə danışıb çıxıb getdilər”.
Rauf Musayev deyir ki, hər gün axşamlar gəlib burada istirahət edir: “3-4 dairə fırlanırıq. Yayın istisində gəlib burda sərin yerlərə gəzişirik. Burada gəzişmək şəxsən mənim özümə xeyirdir. O cümlədən sakinlər də gəlib burada dincəlirlər, boş vaxtlarını asudə keçirirlər. Stadion olsa, daha yaxşı olar. Stadionun yerində nə tikiləcək daha orasını deyə bilmərəm”.
Stadionun söküləcəyi xəbərindən ən çox təşvişə düşənlər isə bu ərazidə yaşayan azyaşlılardır: “Bazar günləri uşaqlarla burada futbol oynayırıq. Bura bizim sağlamlığımızdır. Elə bil ki, buranın sökülməsi bizim sağlamlığımızın əlimizdən alınmasıdır. Biz məhəllədən bura gəlirik ki, oyun oynayaq. Sağlam nəfəs alaq. Amma bunlar burada bina tikirlər. Fikrimcə, pisdir. Çünki futbol oynaya bilmirik burada”.
Məsələyə Yasamal Rayon İcra Hakimiyyətinin münasibətinin öyrənmək istədik. Rayonun İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Ramin İsrafilov bildirdi ki, sözügedən stadionun yerində heç bir hündürmərtəbəli binanın tikintisindən söhbət gedə bilməz: “Sakinlər narahat olmasınlar. Məhsul stadionu təmirə bağlanıb. uzun illərdir, əsaslı təmir aparılmaması və baxımsız qalması səbəbindən yararsız vəziyyətə düşən idman qurğusunun yerində yenisi inşa olunacaq. Arena gələcəkdə idman yarışlarını qəbul edə biləcək".
Qeyd edək ki, Yasamal rayonu ərazində yerləşən keçmiş “Məhsul” stadionu 1983-cü ildə inşa olunub.
Həmidağa Məcidov,
Faiq Həsənov,
APA TV