Məktəbdə azyaşlı qıza qarşı əxlaqsızlıq edən kişi saxlanıldı

Paytaxtın Nərimanov rayonunda yerləşən orta məktəblərin birində 11 yaşlı qızı cinsi qısnamaya məruz qoyan şəxs saxlanılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev APA TV-yə bildirib. Onun sözlərinə görə, artıq həmin şəxs saxlanılıb və araşdırmalara başlanılıb: 

 

"Cinsi qısnama iddiaları ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar aparılır. Araşdırmanın gedişində saxlanılan şəxsin əməli törədib-törətməməsi məlum olacaq. Polis tərəfindən bütün zəruri tədbirlər icra olunur", - deyə Elşad Hacıyev qeyd edib.

 

Sözügedən məktəb də hadisə ilə bağlı məlumat yayıb. Bildirilir ki, 27 oktyabr saat 18:40 radələrində 30-35 yaşlı bir şəxs valideyn olduğunu deyərək məktəbə daxil olub. Həmin vaxt valideynini gözləyən V sinif şagirdinə qarşı qeyri-etik hərəkətlər edib.

 

“Məsələ ilə bağlı valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib, araşdırma aparılır", deyə məlumatda bildirilib.

 

Yeri gəlmişkən qeyd edək ki, məktəblinin cinsi qısnamaya məruz qalması barədə məlumatı atası Samir Alıyev Avtosfer.az saytına bildirib. Onun sözlərinə  görə, 11 yaşlı qızı, dərs bitdikdən sonra məktəbin dəhlizində onun gəlməsini gözləyib. Bu zaman, naməlum şəxs onun qızını cinsi qısnamaya məruz qoyub. Həmin hadisənin görüntüləri anbaan məktəbin nəzarət kamerasına da düşüb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv