MƏKTƏBİ olmayan qəsəbədə MOBİL operatorlar da işləmir
Ordubadın ucqar kəndlərinin Kiçik Qafqaz dağlarının ətəyində yerləşməsi onlara başqa bir gözəllik bəxş edir. Çox insanın görmədiyi, hətta haqqında bilmədiyi, bir zamanlar əlvan metalları ilə zəngin olan və dağ mədənləri ilə tanınan, Kiçik Qafqazın ən yüksək zirvəsi Qapıcıqla üz-üzə olan Parağaçay qəsəbəsi də belə yerlərdən biridir. Bir zamanlar qaynar həyatın mərkəzi kimi ad qazanan qəsəbə ötən dövrlərlə müqayisədə indi sükuta qərq olub. Hazırda burada yalnız yarım əsrdən çox yaşları olan uçmuş binaları və dövrün tələblərinə uyğun olaraq inşa edilmiş fin evləri görmək mümkündür. Ötən əsrin ikinci yarısında qəsəbə yaxınlığında mədənlərin fəaliyyətə başlaması buranın sürətlə məskunlaşmasına təkan verib. Fərqli dizaynla inşa edilmiş evlər də ötən əsrin yadigarlarıdır. Sərxan Hüseynovun da 1969-cu ildən burada yaşamasına səbəb mədəndə işləmək olub. Bu qəsəbədə hazırda heç bir mobil operator çalışmır. Ən əsası isə burada məktəb yoxdur. Qəsəbədə məktəbli olduğu təqdirdə, onlar yaxın kəndlərin məktəblərinə üz tuturlar. Bununla yanaşı, qəsəbədə alış-veriş etmək üçün market belə fəaliyyət göstərmir. Halbuki, qaynar həyatın hökm sürdüyü zamanlarda burada fin tipli 90 ev, klub, mehmanxana, mağazalar mövcud olub. Mədənlər fəaliyyət göstərmədiyindən indi insanların əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Parağaçayı xususiləşdirən digər amil burada metal yataqlarının olmasıdır. Bu yataqlar Parağaçay qəsəbəsinin ətrafındadır və dəniz səviyyəsindən 2300-2800 metr yüksəklikdə yerləşir. Keçmiş SSRİ dövründə istismar edilən bu yataqlar demək olar ki, tükənib və indi onların yalnız uçmuş divarları, yüz metrlərlə dərinlikdə olan boş yataqları qalıb. Ceyhun Məmmədov Əli Xudiyev, APA TV - Ordubad