Məktəblər koronavirusa qarşı dezinfeksiya edilir
Ümumi təhsil müəssisələrində dezinfeksiya işləri davam edir.
APA TV-nin məlumatına görə, işlər ölkə ərazisində koronavirusun yayılma təhlükəsinin qarşısına alınması məqsədilə aparılır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəşarət Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib: “Dezinfeksiya işləri çərçivəsində Bakı şəhəri üzrə 160-dan artıq təhsil müəssisəsində dezinfeksiya işləri yerinə yetirilmişdir. Onu da qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Bakı Şəhər Dezinfeksiya Stansiyasının bölmələri arasında bağlanılmış müqavilə əsasında idarənin tabeliyindəki təhsil müəssisələrində aparılan dezinfeksiya işləri mütəmadi xarakter daşıyır”.
Bakı şəhər Dezinfeksiya Mərkəzinin həkimi Elvin Məmmədov isə təşvişə ehtiyac olmadığını bildirərək deyib ki, virusun havada uzun müddət qalıcılığı yoxdur: "Koronavirus havada uzun müddət qalıcı olmasa da, səthlərdə onun 9-12 saatadək qalıcılıq qabiliyyəti var. Təşvişə ehtiyac yoxdur, koronavirusun digər viruslara nisbətən qalıcılıq müddəti azdır. Burada Türkiyə və İspaniya istehsalı olan yüksək keyfiyyətli dərman preparatlarından, xloramindən daim istifadə olunur. Yüksək keyfiyyətli dərman məhsulları təchizata verilib”
Qeyd edək ki, dezinfeksiya işlərinin tam və sürətli aparılması üçün Nazirlər Kabinetinin qərarına əsasən ümumi təhsil müəssisələrində mart ayının 9-dək dərslər dayandırılıb.