Məktəbli koronavirusdan öldü
Sumqayıt şəhərində koronavirusa yoluxan məktəbli xəstəxanada vəfat edib.
APA TV-nin yerli bürosunun məlumatına görə, Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib.
Məktəblidən analiz götürülüb, onun koronavirusa yoluxduğu və bunun yüksək qızdırma ilə müşahidə olunduğu məlum olub.
Oktyabrın 6-da Sumqayıtda xəstəxanaya yerləşdirilən məktəbli sonradan Bakıda klinikalardan birinə göndərilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq Kamil Əsgərov xəstəxanada vəfat edib. Məktəblinin bununla yanaşı güclü allergik həssaslığı da olub.
Məktəbdən APA-ya verilən açıqlamada Kamil Əsgərovun dünyasını dəyişdiyi xəbəri təsdiqlənib.
Bildirilib ki, oktyabrın 6-dan məktəblinin təhsil aldığı 9b sinfində əyani tədris dayandırılıb və distant təhsilə keçilib. Həmin sinifdə əyani tədris oktyabrın 20-də bərpa olunacaq.