Məktəbli qızlar şalvar geyinməlidirlərmi?

Artıq yeni tədris ili üçün məktəbli formaları təsdiqlənib. Əvvəlki illərdən fərqli olaraq, bu il qızlar üçün də şalvar seçimi nəzərdə tutulub. Lakin bəzi məktəb direktorları Təhsil Nazirliyinin bu qərarı ilə razılaşmır. Valideynlər şikayət edirlər ki, direktorlar forma tövsiyə edərkən qızlar üçün nəzərdə tutulan şalvarın üstündən xətt çəkir, məsləhət olmadığını bildirirlər. Onların şalvar qadğasını qeyri-qanuni hesab edən valideynlərin isə sayı kifayət qədərdir. Təhsil eksperti Elşən Qafarovun fikrincə, hansısa məktəb direktorunun Elm və Təhsil Nazirliyinin qərarıyla razılaşmaması qanun pozuntusundan başqa bir şey deyil: “Ayrı ayrı məktəb direktorlarının bu qərardan xəbərinin olmaması və yaxud da verilmiş hüquqi normativ sənədi pozaraq valideynlərdən övladlarının şalvar geyinməməsini tələb etməsi, qanuna ziddir. Belə bir məktəb direktoru varsa, 96 saylı qərarın icrasına maneə olmaqdan başqa bir şey deyil”. Ekspert onu da bildirdi ki, qəbul edilən eskislərin dördündə də klassik şalvar seçimi var. Şalvarla bağlı qadağa ilə rastlaşan valideynlər Elm və Təhsil Nazirliyinin qaynar xəttinə müraciət edə, bu qərardan narazılıqlarını bildirə bilərlər. Elm və təhsil naziri Emin Əmrullayev də keçirdiyi brifinqdə APA TV-nin sualını cavablayarkən bildirdi ki, direktorların bu cür tələb qoyması qanunlara uyğun deyil. Nazirin sözlərinə görə, məktəb direktorları yalnız məktəbli formalarının rəngini, elementini seçə bilərlər: “Məktəb direktorlarının bu hərəkəti qaydaya ziddir. Və qayda bunu deyir ki, məktəb qərar verməlidir ki, uşaq forma geyinir, yoxsa yox. Alqoritm belədir. Məktəbdə uşaqların forma geyinməsi hamı üçün faydalıdır, uşaq üçün də, valideyn üçün də, cəmiyyət üçün də. Niyə? Çünki bu halda bərabərsizlik itir, hər kəs eyni olur. Nazirlər Kabinetinin təsdiq etdiyi qayda var. Formanın ölçüsü, elementləri həmin qaydaya uyğun təsdiq olunur. Məktəb və ya sinif seçir ki, biz formanı bu rəngdə istəyirik və s. Hansını istəsələr, seçə bilərlər. Kimsə bu qaydanın pozulması ilə rastlaşırsa, müvafiq qaydada təhsil idarələrinə müraciət eləsin”. Nazir onu da vurğuladı ki, bu cür məsələlərlə bağlı valideynlər şikayətlərini bildirdikdə məktəbin nömrəsini, qayda pozuntusu edən direktorun kimliyini bildirsələr, məsələyə müdaxilə etmə imkanı artar, problem daha tez həll olunar.

Müəllif | Apa.Tv
Apa.tv