Məktəbli qızlar üçün təhsil proqramı həyata keçirilib

Avropa İttifaqının maliyyələşdirdiyi proqram çərçivəsində “Fantastik dördlük“ adlı 13-18 yaşlı məktəbli qızlar üçün təhsil proqramı layihəsi həyata keçirilib.

APA TV xəbər verir ki, “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi  ilə tərəfdaşlıq şəraitində həyata keçirilən layihə ötən ilin dekabr və cari ilin fevral aylarını əhatə edib.

Təlimlərə Biləsuvar, Lerik, Masallı və Lənkəran rayonlarından olan məktəbli qızlar qoşulublar. Şagirdlər komandalara bölünərək müxtəlif müsabiqələr üzrə qalib adı uğrunda mübarizə aparıblar.

Təlimlərin birinci mərhələsində 277 məktəbli qız və 200 valideyn, ikinci mərhələdə isə 81 məktəbli qız iştirak edib. Layihəyə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının müəllimləri və Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfirlər mentor qismində cəlb olunublar.

Sonda müxtəlif nominasiyalar üzrə qalib iştirakçılara sertifikat və hədiyyələr təqdim edilib. Qeyd edək ki, bu proqram regional səviyyədə altı ölkədə icra olunur.

Müəllif | Apa.Tv
Apa.tv