15:58 23 sentyabr 2022 200
Ana səhifə Xəbərlər

Məktəblilər niyə küçələrə dağılıblar? - APA TV

Bir çox ölkələrdə şagirdlərin məktəbə gedib-gəlməsi üçün xüsusi avtobuslar təşkil edilir. Bu avtobuslar həm uşaqların təhlükəsizliyi üçün önəmlidir, həm də şagirdlərin dərsə gecikməsi kimi halların qarşısını alır. Lakin ölkəmizdə hazırda bir neçə özəl təhsil müəssisəsi istisna olmaqla, digər təhsil ocaqlarında servis avtobusları yoxdur. Bəs bu yoxluq hazırda hansı problemlərə səbəb olur? Ölkəmizdə də şagirdlərin məktəbə asanlıqla gedib-gəlməsi üçün nə kimi tədbirlər görülməlidir?

 

Valideynlər deyir ki, mütləq məktəb avtobusları olmalıdır. Uşaqların təhlükəsizliyi, həm evə tez çatmaları üçün. “Çünki tıxac olur, aparıb-gətirə bilmirik. Bu baxımdan xüsusi ilə yol kənarında olan məktəblər üçün bu avtobuslar olsaydı, çox yaxşı olardı”, - deyə valideynlər bildirir.

 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov isə deyir ki, hazırda Nazirliyin məktəb avtobuslarına ayıracaq vəsaiti yoxdur. Buna illik büdcə də imkan vermir: “Bunu BNA-ilə birlikdə həyata keçirmək olar. Bununla bağlı məktəblərin büdcəsində vəsait nəzərdə tutulmur. Düşünürəm ki, bunu ancaq valideynlərin çox az məbləğdə könüllü ianələri hesabına formalaşdırmaq olar. Digər bir variant isə Təhsilin İnkişaf Fondu yaradılıb. Bu fondun hesabına da layihəni reallaşdırmaq olar. Dövlət avtobus xərclərini bütünlüklə üstünə götürməli deyil. Bu xidmət təklif olunsa, böyük məbləğ etməyəcək. Hər bir ailə üçün əlçatan olacaq”.

 

İlqar Orucov onu da söylədi ki, bütün şagirdlər bu xidmətdən istifadə etmək məcburiyyətində deyil. Yalnız Bakıda deyil, bir çox bölgələrimizdə, ucqar yerlərdə şagirdlər məktəbə çətinliklə gedirlər. Buna görədə bu xidmət ümumi respublikanı əhatə etməlidir.

 

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə bildirdi ki, bu məsələ 3 il əvvəl qaldırılsa da, bir nəticə olmadı: “Bu gün çox çox az sayda dövlət nəzdində olan məktəblərin, hətta bəzi özəl məktəblərin belə məktəb avtobusları yoxdur. Özəl məktəblər, liseylər şəhərin müxtəlif yerlərində açılır”.

 

Bütün bunlarla yanaşı, məktəblərin parklama yeri yoxdur deyə, bu isə özlüyündə  tıxacların yaranmasına səbəb olur. Mütəxəssislərin fikrincə, məktəb avtobusları xəttə buraxılarsa, tıxacların sayı da xeyli azalacaq.

 

Fidan Etibarqızı

Xəyal İskəndərov

APA TV

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın