Məktəblilərin 20 Yanvar faciəsinə həsr olunmuş sərgisi keçirilib

Təsviri Sənət Qalereyasında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar sərgi təşkil edilib.

 

APA TV-nin xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzləri şagirdlərinin rəsm və əl işlərindən ibarət sərgidə idarənin müdiri Rəşad Tağıyev, müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllim və şagirdlər iştirak edib.

 

Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev 20 Yanvar hadisələrinin zaman keçdikcə yaddaşlarda daha dərin izlər buraxdığını söyləyib: “Təbii ki, yanvar ayı ərzində bizim bütün təhsil müəssisələrimizdə 20 Yanvar faciəsi ilə bağlı seminarlar, konfranslar, dəyirmi masalar, xüsusi dərslər, eyni zamanda şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri, ədəbi-bədii kompozisiyalar keçirilir”.

 

Daha sonra şagirdlər vətənpərvərlik ruhunda səsləndirdikləri şeir və ədəbi-bədii kompozisiyalarla 20 Yanvar faciəsinin mənəvi ağrısı və düşmənə qarşı duyulan nifrət hissini ifadə ediblər.

 

Sonda sərgiyə baxış keçirilib.

Müəllif | Apa.Tv
Apa.tv