Məktəblini döyən icranın müavini və direktor barədə CİNAYƏT İŞİ BAŞLADI
Xəbər verildiyi kimi, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rasilə Arifqızı və Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı Lənkəran rayon prokurorluğunda araşdırma başlanılmışdır.
Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, araşdırma zamanı müəyyən edilmişdir ki, Rasilə Arifqızı 14 iyul tarixdə qeyd edilən təhsil müəssisəsinin şagirdi Günel Əliyevanı (şərti olaraq) öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirmiş, bundan sonra məktəbin direktoru Yeganə Əskərovanın da iştirakı ilə vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan şagirdin iradəsinə zidd olaraq mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur.
Eyni zamanda, keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyinə əsasən Günel Əliyevanın bədəni üzərində dərəcələri təyin edilməyən xəsarətlər aşkar edilmişdir.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanmışdır.
Eyni zamanda, icra başçısının müavini Rasilə Arifqızı və məktəb direktoru Yeganə Əskərovanın barələrində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün Lənkəran rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Təhsil İdarəsinə müvafiq təqdimatlar göndərilmişdir.
İstintaq zamanı bütün xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.