Məleykə Abbaszadə: “Həmin müəllimlər məvacibin az olduğunu deyir”

Ali məktəbə qəbul üçün abituriyentlərin 86 faizinə repetitior hazırlığı, yalnız 8 və 6 faizinə məktəbdəki tədris və fərdi hazırlıq kifayət edib.


APA TV-nin məlumatına görə, Sosial Tədqiqatlar Mərkəzi (STM) təhsil sistemindəki vəziyyətlə bağlı sorğu keçirib.

Mərkəzin department müdiri Tahirə Allahyarovanın hesabatında digər məqamlar da diqqət çəkib.

Rəyi soruşulanların 60 faizi qəbul imtahanlarının, 30 faizi isə buraxılış imtahanlarının çətin olduğunu deyib. Bundan başqa açıq tipli suallarla bağlı çatışmazlıqlar, ali məktəblərə qəbul imtahanında iştirakla bağlı ödənişin bahalığı qeyd olunub. Yazı tipli tapşırıqların yoxlanılmasındakı problemlər, xarici dillər üzrə dinləmə qurğularının tətbiqindəki çatışmazlıqlar da vurğulanb: “Respondentlərin 40 faizdən çoxunu Apellyasiya Komissiyasına müraciətlərinin nəticəsi qane etməyib. 90 faiz respondent hesab edir ki, onları imtahanların 2 mərhələdə keçirilməsi qane edir. Çünki 1-ci imtahanda uğur qazana bilməyən abuturiyent, 2-ci imtahanda istədiyi nəticəni əldə edə bilmək şansı qazanmış olur”.


Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə bildirib ki, Azərbaycanda qəbul imtahanlarında ödənişsiz iştirak etmək üçün hər insanın bir şansı var. Həmin imtahanın haqqını hökumət ödəyir: “Yalnız 2-ci şansı istifadə etmək istəyənlər həmin imtahanın qiymətini ödəyir. Yeni imtahanları - yeni tələbləri və imtahan nəticələrini araşdırmaq, onu həyata keçirmək üçün daha çox insan, qurğu cəlb etmək lazım olur. Bu baxımdan imtahanların qiymətləri o qədər də yüksək deyil”.

 

İmtahanın qiymətinin həmin imtahanın keçirilməsinə sərf olunan vəsaitdən asılı olduğunu deyən Məleykə Abbaszadə onu da bildirib ki, yeni növ imtahanların cavablarını yoxlayan müəllimlər də onlara verilən məvacibin qane etmədiyini söyləyirlər. Belə olan halda  isə qurum qəbul imtahanlarında iştirakla bağlı qiymətləri aşağı sala bilməz.

 

İlahə Vəliyeva Əli Ələkbər APA TV 

Müəllif | Apa.Tv
Apa.tv