Məleykə Abbaszadə: “Magistraturaya qəbul bir mərhələdə keçirilə bilər”

 

“Hazırda Təhsil Nazirliyi (TN) ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında magistraturaya qəbul prosedurlarının bir mərhələli keçirilməsi barədə müzakirələr aparılır”.

APA TV-nin məlumata görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, hələlik bu qaydalar Nazirlər Kabineti və digər dövlət qurumları tərəfindən təsdiq olunmayıb: “2005-ci ildə universitetlər özləri 2-ci mərhələnin keçirilməsinin zəruri olduğunu demişdilər. Təklif etmişdilər ki, 2-ci mərhələ də keçirilməlidir”.

Sədr deyib ki, tələbələrin magistraturaya, elmi dərəcəyə diqqətini cəlb etmək, onları həvəsləndirmək üçün prosedurların asanlaşdırılması labüd idi: “Artıq bu təklif TN tərəfindən universitetlərlə müzakirə olunub. Universitetlər 1-ci mərhələdəki nəticələr əsasında magistr qəbul etməyə razıdır. Müəyyən ixtisaslar var ki, orda 2-ci mərhələ olacaq. Bunlar yazı işi tələb edilən ixtisaslardır. Daha dəqiq texniki məlumatları yalnız qaydalar təsdiq olunandan sonra açıqlayacağam”.

Növbəti il üçün qəbul imtahanlarının vaxtına toxunan Məleykə Abbaszadə qeyd edib ki, 2020-ci ildə Bakı "Formula-1" yarışları ilə yanaşı, həm də futbol üzrə Avropa Çempionatı oyunlarına ev sahibliyi edəcək. Bu tədbirlərin vaxtı müəyyən edildikdən sonra qəbul imtahanlarının da tarixləri elan olunacaq.

Qeyd edək ki, Bakıda “Dövlət idarəçiliyində səriştə modeli: Çətinliklər və həll yolları” mövzusunda seminar keçirilir. 2 gün davam edən seminarda DİM əməkdaşlarının, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, həmçinin Ukrayna, Belarus, Gürcüstan və Moldova nümayəndələrinin çıxışları nəzərdə tutulub.

Müəllif | Apa.Tv
Apa.tv