"Meliorasiya və Su Təsərrüfatı" ASC: Kür çayında su ehtiyatları azalmaq üzrədir
"Yer kürəsində son illər iqlim dəyişiklikləri mövcuddur. Bu vəziyyət əlbəttə ki, Azərbaycandan da yan keçmir. Son illər havaların isti keçməsi, eyni zamanda yağıntıların azalması, qar örtüyünün olmaması səbəbindən Azərbaycanda su qıtlığı əmələ gəlib".
APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin su anbarları və hidroqovşaqların istismarı sektorunun müdiri Elxan Hüseynov bildirib.
Onun sözlərinə görə, Kür çayında son illər su ehtiyatları azalmaq üzrədir: "Bunlar da bilavasitə Mingəçevir Su Anbarına təsir göstərir. Məsələn, bu gün su anbarında vəziyyət 68-51 metr səviyyəsindədir. Bu problem də son 40 ildə ilk dəfədir. Qarabağ bölgəsinin 150 min hektar ərazisi, Şirvan bölgəsinin 130 min hektar əkin sahəsi bu su anbarından 2 magistral kanal vasitəsilə suvarma suyu ilə təmin olunur. Eyni zamanda Kür üzərində quraşdırılan nasos vasitəsilə Kürqırağı rayonların da əkin sahələri su ilə təmin olunur".
Elxan Hüseynov bildirib ki, Mingəçevir Su Anbarında suyun səviyyəsi düşdükcə, kanal vasitəsilə görülən qazma işlərinin hesabına ağır vəziyyətdən yan keçilib: “Dağətəyi rayonların su təminatının yaxşılaşdırılması üçün Prezident hər il sərəncam imzalayır. Sərəncamla əlaqədar su təminatının yaxşılaşdırılması üçün müəyyən olunan yerlərdə subartezian quyuları qazılır. Bu quyuların qazılması bilavasitə mövcud suvarılan sahələrin suvarılması və əhalinin içməli suya tələbatını ödəməyə yardım edir. Şirvan kanalından kanalboyu əhalinin suya tələbatı, o cümlədən təsərrüfat-məişət ehtiyacları ödənilir”.
E.Hüseynov qeyd edib ki, Mingəçevirdə “Azərsu”nun həcmli su nasosları vasitəsilə su götürülür, duruldulur və bəzi kəndlərdə əhalini içməli su ilə təmin edir: “Su təminatı ilə bağlı müəyyən çətinliklər var. Mingəçevir Su Anbarında suyun səviyyəsində kəskin şəkildə azalma gedir. Bu, təbii bir haldır. Əkin sahələrinin suvarma təminatını təmin etməkdən ötrü cəmiyyət bütün lazımi tədbirlər görür və öhdəsindən də gəlir. Hər il cəmiyyət tərəfindən yerli su istifadəçilərinin tələbatına uyğun sudan istifadə planları tərtib olunur. Əkin sahəsindən, əkilən məhsulun növündən, suya tələbatından asılı olaraq sudan istifadə planı tərtib olunur. Bu plana uyğun olaraq Yuxarı Şirvan kanalının limiti tərtib olunur”.
E.Hüseynov qeyd edib ki, hazırda Şirvan bölgəsində 11 rayonun su ilə təminatı ödənilir. Limitə uyğun olaraq kanalları su ilə təmin olunur.