Memarlıq və İnşaat Universitetində məzunların sərgisi keçirilib
“100 ilə yaxın müddətdir ki, ölkəmizi tikən, quran, yaradan, layihələndirən memarların böyük hissəsi Azərbaycan Memarlıq və İnşaat Universitetindən məzun olub və bu gün də ölkəmizin rayonlarının, eləcə də paytaxtımızın gözəlləşməsinə, müasirləşməsinə xidmət edən memarları yetişdirməkdə davam edir”.
APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ölkədə memarlıq və inşaat təhsilinin 100 illiyinə həsr edilən kurs və buraxılış işlərindən ibarət sərgidə bu ixtisasın tarixi və inkişaf yolundan danışan universitetin rektoru Gülçöhrə Məmmədova deyib.
Rektor bildirib ki, hazırda memarlıq fakültəsində 1100-dən artıq tələbə təhsil alır və onlardan 300-ə yaxını xarici tələbələrdir: “Bu gün eyni zamanda beynəlxalq müsabiqələrdə uğur qazanmış tələbələrimizə diplomları təqdim etdik. Bir məlumat da verim ki, memarlıq fakültəsinin beynəlxalq akkreditasiyadan keçməsi üçün bir neçə ildir çalışırıq və bu yaxınlarda ümid edirəm ki, bu akkreditasiyanı əldə edəcəyik və memarlıq fakültəsinin diplomları daha geniş ərazidə, daha geniş coğrafiyada, Avropada tanınacaq”.
Tədbir iştirakçıları əvvəlcə sərgi ilə tanış olublar. Memarlıq fakültəsinin dekanı, əməkdar memar Zahidə Məmmədova sərgidə nümayiş olunan işlərlə bağlı qonaqlara məlumat verib. Bildirib ki, fakültənin şəhərsalma, bina və qurğular, dizayn, memarlıq abidələrinin bərpası və landşaft ixtisasları üzrə 30-a yaxın buraxılış işi və 100 kurs işi təqdim olunub.
Sərgidə çıxış edən Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri Elbay Qasımzadə deyib ki, universitet layihələri dünya səviyyəsində qiymətləndirilən şəxsiyyətlər yetişdirməklə nəinki AzMİU-nun, eləcə də Azərbaycan memarlığının dünya səviyyəsində tanınmasında böyük rol oynayıblar: “Gənclərə tövsiyəm odur ki, sənətdə sadəcə olaraq çalışmayın, sənətdə yaşayın sənəti sevin. Sənətə o dərəcə qarışın ki, aranızda zərrə qədər məsafə qalmasın. Yalnız belə olan halda siz həqiqətən memar olacaqsız və yaratdığınız layihələr əsər olacaq. Uğurlar arzu edirəm”.
Sərginin sonunda Rusiyanın Nijni Novqorod şəhərində keçirilən müsabiqədə qalib olan məzunlara diplomlar təqdim edilib.