“Məndən az bal toplayıb, amma işləyir” - Nazirlikdən CAVAB

Müəllimlərin İşə Qəbulu (MİQ) üçün keçirilən imtahanlarda keçid balını topladığı halda, öz dilləri ilə desək, xeyli sayda “çöldə qalan” insanlar var.

 

Bununla bağlı APA TV-nin qaynar xəttinə onlarla şikayət gəlib. Şikayətçilər bildirirlər ki, 50-dan yuxarı bal toplasalar da, heç yerdə işlə təmin olunmayıblar. Halbuki eyni ixtisas üzrə daha az bal toplayanlar müəllim kimi işə dəvət olunub.

 

Bu cür halla qarşılaşan vətəndaşlarımızdan biri də Xuraman Qədirzadədir. İxtisasca ibtidai sinif  müəllimi olan Xuraman Tərtərdə yaşayır. Deyir ki, işə qəbul üçün dəfələrlə MİQ imtahanlarında yüksək bal toplasa da, işə dəvət olunmur ki, olunmur. Səbəb isə rayonun təhsil müəssisələrində vakant yerin olmaması göstərilir.

 

Şikayətçi Xuraman Qədirzadə ilk imtahanından 40 bal topladığını deyib: ”1 il işlədim. Sonrakı imtahanlarda da 39-40 topladım, 2021-ci ildə  52 bal topladım. Bal toplamağıma baxmayaraq yerləşə bilməmişəm. Təhsil nazirliyinə və  təhsil şöbəsinə müraciət etmişəm. Vakansiya yoxdur deyə yerləşə bilməmişəm. Tərtər rayonu ərazisində istənilən kənddə razıyam da işləməyə. Balımın vaxtının bitməsinə az qalıb. Bitsə gərək təzədə işləyim”.

Məsələ ilə bağlı Tərtər rayon təhsil şöbəsinin müdir əvəzi Nuranə Abdullazadə bildirdi ki, yaranmış problemdən xəbərdardır, amma hazırda məktəblərdə vakant yer yoxdur. Lakin Xuraman Qədirzadə mart ayında rayonun Qazyan kənd orta məktəbində işlə təmin ediləcək.

Yaxşı deyək ki, Xuraman işlə təmin edildi, problemi həll olundu. Bəs əli diplomlu, MİQ imtahanlarında yüksək bal toplayaraq işsiz qalan digər vətəndaşların aqibəti necə olacaq? Onlara yer yoxdursa, daha az bal toplayanlara necə yer tapılır?

 

Təhsil eksperti deyir ki, orta məktəbdə çalışan müəllimin dərs saatı 18 saatdan 12 saata salınmalıdır.

 

Digər suallarımızı isə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli cavablandırdı: “2021-ci ildəki müsabiqədə rəqabətin daha çox olduğu ixtisaslar var. Az-dili ədəbiyyat, ingilis dili, ibtidai metodika. Bu ixtisaslar üzrə namizədlər də  çox idi. Bu namizədlərin böyük qismi işlə təmin edilib. Bu ilki müsabiqədə  ilk dəfə  olaraq ölkə və  faktiki  yaşayış yeri üzrə reytinq sıralanması var idi. Onlardan yuxarı sırada daha yuxarı bal toplayanlar olduqda onlar işsiz qalıb. 2500 namizəd artıq işlə təmin edilib. Dərs ilinin sonuna kimi digər namizədlər də sıralanmaya əsasən işlə təmin ediləcək.

 

Şikayətçilər açıq-aydın şəkildə izah edirlər ki, MİQ imtahanından sonra işə qəbulla bağlı ciddi şübhələr yaranır. Mərkəz direktoru isə şikayətçilərin iradlarını əsassız adlandırdı.

 

Vətəndaşlara yaxşı xidmətin göstərilməsi məqsədilə ötən ilin noyabrından etibarən İnsan resursları mərkəzinin 146 qaynar xətti var. Əgər namizədlər belə neqativ hallarla qarşılaşırlarsa bizə müraciət edə bilərlər. Eyni zamanda İnsan resursları mərkəzinin sosial media hesabları aktivdir. Bizə müraciət etsinlər və  araşdıraq. Kimsə belə halı müşahidə etdikdə gizlətməsin, dərhal bizə müraciət etsin

 

Mərkəz direktorunun sözlərinə görə 2021-ci ildə 10 minə yaxın namizəd işlə təmin edilib. Bu proses reytinq cədvəlinə əsasən mərhələli şəkildə  davam etdiriləcək. Təbii ki, biz də süjetimizi bu cür ümidverici notlarla bitirmək istəyərdik. Ancaq istənilən halda MİQ imtahanında yüksək bal toplayıb hələ də işsiz qalanlar varsa, görünür bu xəmir hələ çox su aparacaq.

 

AYTƏN SAKİTQIZI

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv