Mənzil sahibləri, DİQQƏT: 20 gündən bir cərimələnə bilərsiniz
Artıq evlərimizi məcburi şəkildə sığortalayacağıq. Yaxın gələcəkdə daşınmaz əmlakın icbari sığortası elektron qaydada həyata keçəcək və bu da daşınmaz əmlakın sığortasına nəzarəti asanlaşdıracaq. Eyni zamanda, elektron sistem sığortası olmayan əmlak sahiblərinin müəyyən edilməsinə imkan verəcək. Beləcə, sığortası olmayan mənzil və əmlak sahibləri cərimələnəcək. Əslində, daşınmaz əmlakın icbari sığortası ilə bağlı qanunvericilik 2011-ci ildən var olsa da, vətəndaşlar üçün bu könüllülük prinsipi ilə həyata keçirilirdi.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirir ki, hazırda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və İcbari Sığorta Bürosu arasında müvafiq istiqamət üzrə elektron məlumat bazasına çıxış imkanları yekunlaşıb.
Ölkəmizdə evlərini sığortalamayan mülk sahiblərinin sayı sığortalayanlardan dəfələrə çoxdur.
Daşınmaz əmlakın icbari sığortası qeydiyyatda olan bütün daşınmaz əmlak subyetklərinə aiddir.
Sığorta konpensasiyası Bakı şəhəri üçün 25, Gəncə, Sumqayıt, Naxçıvan şəhərləri üçün 20, digər bölgələrimiz üçün isə 15 min manatdır. Sığorta etdirmək istəyən şəxslər bu məbləğin 0,2 faizini sığorta üçün ödəməlidir. Əks təqdirdə cərimələr tətbiq olunacaq.
Hazırda çıxarışı olmayan 100 minlərlə daşınmaz əmlak var. Bunlar istər fərdi həyət evləri, istərsə də yeni tikili binalarda müqaviləli mənzillərdir. Bəs sənədi olmayan əmlaklarda icbari sığorta və cərimə məsələsi necə tənzimlənəcək?
Bir sözlə, evinin çıxarışı olmasa da, müqaviləsi olan vətəndaşlar icbari sığortadan yararlana biləcək, lakin, çıxarışı olmayan mənzillərin cəriməsi mümkün olmayacaq.
Ekspert Ramin Osmanlı bildirir ki, sığorta sahəsi ciddi bazardır və Azərbaycan iqtisadiyyatının formalaşması üçün qarşısında duran vacib hədəflərdən biridir. Ancaq bu sahənin formalaşması Azərbaycanda könüllü prinsiplər əsasında mümkün olmadığına görə, icbari sistemin tətbiqi vacibdir. Daşınmaz əmlakın məcburi sığortası ilə bağlı tətbiq olunan qaydalar da məhz buna hesablanıb.
AYNUR QARA
KAMRAN NAMAZOV
APA TV