Mərdəkanda internat məktəbində təlim keçirildi

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində yanğın təhlükəsizliyinə dair təlim keçirilib.

 

FHN-nin İctimaiyyətlə Əlaqə İdarəsinin baş məsləhətçisi Tuqay Abbaslı deyir ki, təlim iki hissədən ibarət olmaqla keçirilib.

 

Məktəbin direktoru Dilarə Məşədiyeva isə təlimin əhəmiyyətindən danışıb, bunun təhsil ocağının pedaqoji kollektivi ilə yanaşı, şagirdlər üçün də vacib olduğunu bildirib.

 

Daha sonra təlimin praktiki hissəsi keçirilib. Tədbirdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri təlimatda nəzərdə tutulmuş müddətdə hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş məktəbdə təxliyə planına uyğun olaraq, şagird və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, sinif otaqlarında qalmış məktəblilər “xilas edilib”, şərti xəsarət almış məktəblilərə “ilkin tibbi yardım göstərilib”.

 

Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda və regionlarda mütəmadi olaraq təşkil olunur.

 

Nərmin Murad,

Fariz Quliyev,

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv