Məscid qarşısına toplaşanlar, cərimə və inzibati həbs olunanlar - "AŞURA" MƏRASİMİ KEÇİRMƏK İSTƏYİ

Ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb. Lakin buna baxmayaraq təyin olunmuş qaydaları kobud şəkildə pozan vətəndaşlara rast gəlinib.

 

DİN Mətbuat Xidmətinin Lənkəran rayonunda regional qrupundan APA TV-yə verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman dini məclislərin keçirilməməsi ilə əlaqədar edilən xəbərdarlıqlara baxmayaraq bir qrup şəxsin rayonun Velədi kəndi ərazisində "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar. Şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb və orada olan 18 nəfər şöbəyə gətirilib.

 

Onlarla izahedici söhbətlər aparılıb. Karantin qaydalarını pozan həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

 

Həmçinin avqustun 29-da Sabunçu rayonu ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar məscidlərdən birinin qarşısına toplaşdıqları müəyyən olunub.

 

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq 42-ci Polis Bölməsinə gətiriliblər.

 

Polis Bölməsində onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə 12 nəfər barəsində İXM-in 211.2-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq hər biri 100 manat məbləğində cərimə olunublar.

 

Bundan başqa Ceyranbatanda da Aşura mərasimi keçirmək istəyənlər cərimələnib.

 

Avqustun 30-da Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar məscidin qarşısına toplaşdıqları müəyyən olunub.

 

Həmin şəxslər ümumilikdə 29 nəfər, həmçinin Ceyranbatan məscidinin axundu Kazım Əyyubov ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinə gətiriliblər.

 

Polis Bölməsində onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə 29 nəfər barəsində inzibati protokollar tərtib olunaraq hər biri cərimə olunub.

 

Qeyd edək ki, saxlanılan şəxslər arasında mülki öhdəliklərini yerinə yetirmədiyi üçün axtarışda olan Abşeron rayon sakini Novruz Aslanov da olub.

 

Eyni zamanda Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları  xidmət aparan zaman dini məclislərin keçirilməməsi ilə əlaqədar edilən xəbərdarlıqlara baxmayaraq bir qrup şəxsin şəhər ərazisində yerləşən parkların birində "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar.

 

Şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb və orada olan 19 nəfər Polis Şöbəsinə gətirilib. Karantin qaydalarını pozan həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

 

Lerikdə də "Aşura" mərasimi keçirmək istəyənlər saxlanılıb.

 

Lerik rayonunun Cəngəmiran kəndi ərazisində bir qrup şəxsin “Aşura” mərasimini keçirmək üçün məscidin qarşısına toplaşmaq istədikləri müəyyən olunub. Onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən sa xlanılaraq Lerik Rayon Polis şöbəsinə gətiriliblər.

 

Polis şöbəsində onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq cərimə olunublar. Bir nəfər barəsində toplanmış materiallar isə baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

 

Həmçinin Tərtər şəhərində məsciddə toplaşanlar saxlanılıb. Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları  xidmət aparan zaman Tərtər şəhəri ərazisində yerləşən məsciddə bir qrup şəxsin toplaşaraq "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb və orada olan 9 nəfər Polis Şöbəsinə gətirilib. Karantin qaydalarını pozan həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

 

Ağcabədi rayonunda da "Aşura" mərasimini keçirməyə cəhd edənlər aşkarlanıb.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları  xidmət aparan zaman Ağcabədi şəhəri ərazisində yerləşən N.Abbaslıya məxsus evdə bir qrup şəxsin toplaşaraq "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar. Şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb. Ev yiyəsi və orada olan digər 15 nəfər Polis Şöbəsinə gətirilib. Karantin qaydalarını pozan həmin şəxslərdən 4 nəfər inzibati qaydada həbs edilib, 12 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

 

 

Müəllif | Apa.Tv
Apa.tv