Meşə ilə Şamaxıya keçmək istədilər - POLİS YAXALADI
Meşə ilə Şamaxıya, avtomobilin yük yerində isə Ağsuya keçmək istəyən şəxslər həbs olunub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi qaydalarının təmin olunması məqsədilə xidmət aparan zaman 2 nəfər rayon sakini - Xəqani Əsədov və Elşən Cəbrayılovun meşə ərazisi ilə Şamaxı rayonuna keçmək istədikləri müəyyən olunub.
Polis əməkdaşları həmin şəxslərə dayanmaları ilə bağlı xəbərdarlıq etsə də, onlar qaçmağa cəhd ediblər.
Hər iki şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilib, barələrində protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə hər iki şəxs inzibati həbs olunub.
Bundan başqa Ağsu və Kürdəmir rayonları arasında yaradılan postda “Kamaz” markalı yük maşını polisin “saxla” əmrinə tabe olmayıb. Polis əməkdaşları nəqliyyat vasitəsini saxlayan zaman sürücünün Kürdəmir rayon sakini Sübhan Qədiyev olduğu müəyyən edilib.
Maşına baxış zamanı sürücünün həmyerlisi Mənsur Mütəllimovu yük maşınının yatacaq hissəsində gizlədərək, Ağsu rayonu ərazisinə keçirmək istədiyi məlum olub.
Həmin şəxslər də saxlanılaraq, barələrində protokol tərtib olunub və məhkəmənin qərarı ilə həbs olunublar.
Şahnəzər Bəşirov
APA TV