Meşədə narkotik əkən Qusar sakini həbs edildi
Qusarda meşədən narkotik yetişdirən şəxs saxlanılıb.
DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, Həzrə Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Yasab kənd sakini Nadik Məmmədov yaxalanıb.
Hal şahidlərinin iştirakı ilə onun yaşadığı kəndin yaxınlığında olan meşəlik əraziyə keçirilən baxış zamanı, oradan xüsusi aqrotexniki qayda ilə qulluq edilərək yetişdirilmiş 52 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı saxlanılan Nadik Məmmədov çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib: “Toxumları bir il bundan qabaq Dağıstandan gətirmişdim. Məqsədim şəxsi istifadəm üçün əkmək olub. Kəndin daxilində meşəlik var orda əkmişdim. Bir-iki dəfə də su vermişdim. Orda da polislər tutdu məni. Peşmanam”.
Faktla bağlı araşdırma aparılır.