Məşhur fotoqraf Reza Deqati: “Hamımız Şuşada çay içmək üçün görüşəcəyik”

Tərcüməyə ehtiyacı olmayan yeganə dil şəkildir. Bəzən bir şəkil ifadə etməkdə acizlik çəkdiyimiz hissləri bütövlüklə özündə əks etdirə bilər. Elə dünyaca məşhur fotoqraf,  “National Geografic” jurnalının məşhur fotojurnalisti Reza Deqatinin çəkdiyi şəkillər kimi.

 

Məşhur fotomüxbir hələ 1992-ci ildə kamerasının obyektivi vasitəsilə bütün dünyanı ermənilərin xalqımıza qarşı törətdiyi terrorun şahidinə çevirməyi bacarmışdı: “Dünyada müharibələri çox görmüşəm. Bu, müharibədən də dərin bir məsələ idi. Onların ürəyində uşaqlıqdan nifrət yaradıblar türklərə və azərbaycanlılara qarşı. Həm 1992-ci ildə, həm də indi bu nifrəti açıqca görürük. Eyni vəhşilikləri gördüm indi də, Xocalı soyqırımında da”.

 

Reza Deqati Xocalı soyqırımından 27-də xəbər tutduğunu deyir: “27-si mənə xəbər gəldi ki, Xocalıda böyük soyqırımı törədilib. Amma heç kəs dəqiq bilmirdi təfərrüatlarını. O zaman mobil telefon-filan yox idi. Ona görə mən tez çıxdım gəldim Bakıya. İnsanlar yığışmışdılar, bilmirdilər. Gəlirdilər oğullarının, atalarının, qadınlarının meyitlərinə baxırdılar, tanıyırdılar. Təsəvvür edirsiniz də necə hissdir bu? İnsanların gözlərini çıxardırdılar, sonra öldürürdülər”.

 

Fotoqrafın Birinci Qarabağ Müharibəsində çəkdiyi əsərlər ötən il Heydər Əliyev Mərkəzinin parkında açılmış “Odun ruhu. Vizual səyahətə dəvət” adlı sərgisində də nümayiş etdirilib. Onlardan biri - “Şuşada son çay” adlı məşhur fotosu Şuşaya olan nisgilimizin, 28 illik həsrətimizin şərhi idi əslində. Reza Deqati ilə 28 il əvvəl o fotonun çəkildiyi günü də xatırladıq: “Mən Şuşaya yaxınlaşanda ermənilər snayperlərlə vururdular hər kəsi. 3-4  saat yol idi. Və 3 dəfə də snayperə tuş gəldim, amma dəymədi mənə. Sonra Şuşaya getdim, orada əsgərlərlə görüşdüm. İki əsgər var idi, dostum idilər. Onlara dedim ki, mən gedirəm, siz burda qalırsınız. Bəlkə mən gedəndə vurdular, bilmək olmaz. Gəlin, müharibəni yaddan çıxaraq, gözəl bir çay içək. Elə həmin anda mən bir foto çəkdim. İndi də Şuşaya gedəcəyəm və gözəl bir çay içəcəyəm. Amma bu dəfə qalib əsgərlərlə”.

 

Düşmən eyni düşməndir - uşaq qatili, qana susayan, müharibə şərəfi olmayan, xisləti və kimliyi dəyişməyən. Sentyabrın 27-dən başlayan 44 günlük Vətən Müharibəsinin ağrı-acısını, ermənilərin günahsız insanlarımıza qarşı törətdiyi vəhşilikləri fotokamerasının yaddaşına köçürən fotoqraf düşmənin atdığı istifadəsi qadağan olunmuş fosforlu, kasetli  bombaları da çəkib.

 

Fotomüxbirin çəkdiyi hər bir kadrda insanlığa qarşı törədilmiş qəddarlığın, zülmün izləri var. Ermənilərin Bərdədə törətdiyi terrorun kiçik qurbanlarından olan 7 yaşlı Aysunun dəfnində iştirak edən Reza Deqati həmin fotonu sosial hesabında “Aysu atasına daha gül gətirməyəcək” şərhi ilə paylaşıb: “Aysu 7 yaşında idi. Atasının adı Rövşən idi. 3 yaşında bacısı vardı. Aysu atasına çiçək dərərdi həmişə. Qız uşaqları atasına bağlı olur axı. Elə çiçək dərdiyi vaxtda ermənilərin atdığı bomba Aysunun olduğu yerə düşür. Qızcığaz bacısını qorumaq üçün onu qucaqlayır. Bacısını xilas edir, amma özü həlak olur”.

 

Reza Deqati 30 ildən sonra böyük zəfərə imza atan Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlara da yollanıb, orada erməni vəhşiliklərini əks etdirən şəkillər çəkib. Fotoqraf əmindir ki, ermənilərin viran qoyduğu torpaqları Azərbaycan xalqı yenidən çiçəkləndirəcək və bu iki xalq arasındakı mədəniyyət fərqini çəkdiyi fotolar vasitəsilə bütün dünya görəcək: “İki layihəm vardı, onları ləğv etdim ki, bura gələ biləm. Bir aydan çoxdur ki, həm müharibəni çəkdim, həm də işğaldan azad olan əraziləri. Cəbrayıl, Qubadlı kimi ərazilərə getdim. Mən 40 ildən çoxdur ki, müharibə fotoları çəkirəm. Amma bu cür vəhşilik heç yerdə görməmişəm. Qəsdən hər yeri dağıdıblar. Məsələn, Qubadlını gəzəndə 18-ci əsrə aid olan məscid qalmışdı, onun içərisində də donuz saxlayırdılar. Bütün bunlar azərbaycanlılara, türklərə qarşı bir düşmənçilik, mədəniyyətə qarşı olan nifrətin nümunəsidir”.

 

Reza Deqatinin sosial şəbəkədəki son paylaşımında dediyi kimi, hamımız Şuşada çay içmək üçün görüşəcəyik.

 

FATMA ZAHİDQIZI

FAİQ HƏSƏNOV

Müəllif | Apa.Tv
Apa.tv