Metronun “20 Yanvar” stansiyasında tarixi fotosərgi açılıb
Bakı Metropolitenində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib.
APA TV-nin məlumatına görə, Bakı Metropoliteni və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) birgə təşkilatçılığı ilə metronun “20 Yanvar” stansiyasında faciə qurbanlarının xatirəsini anmaq məqsədilə tarixi fotosərgi təşkil olunub.
Metro istifadəçilərinin şanlı tariximizə qısa ekskursiyanı təmin etmək məqsədilə stansiyanın divarları qara lent və qırmızı qərənfillərlə, həmçinin o dövrdə çəkilmiş fotolarla bəzədilib. Qanlı yanvar gecəsini tarixin yaddaşına həkk edən qocaman fotoqraf Tahir Cəfərov o gecəni belə xatırlayır:“Çox mane olanlar var idi. Əlbəttə, o qüvvələr getdilər burdan. Çəkmişəm. Nə qədər şəhidlərin adlarını öyrənmək üçün mənə müraciət edirdilər. Çünki mən orada şəhid olanların çoxunu tanıyırdım. Yasamal rayonunda yaşadığıma görə həmin rayonda şəhid olanların hər birini tanıyırdım”.
20 Yanvar hadisələrinin canlı şahidi, Bakı Metropoliteninin maşinisti Cahil Həsənov bildirib ki, həmin gecə saat 00:00-dan sonra metronun işləməsi yüzlərlə insanı ölümdən xilas edib: “Gecə saat 02:00-03:00 radələrində dedilər ki, keçmiş “Bakı Soveti” – indiki “İçərişəhər” stansiyasında əhalini qırırlar. Gedin köməyə. Digər maşinist həmkarımla bərabər getdik İçərişəhərə çatanda stansiyaya çatmamış gördük ki, camaat tullanıb relsin üstü ilə qaçır. Qatarı saxladıq. Onları maşinistin kabinası vasitəsilə salona keçirə bildik. Stansiyadakı sərnişinləri mənzil başına gətirə bildik. Səhər saat 08:00-dək 8 qatar vasitəsilə dayanmadan işlədik. Əgər həmin gecə Bakı Metropoliteni işləməsəydi, şəhid olanlarımızın sayı 136 yox, bəlkə də bu rəqəmin 10 qatı olacaqdı”.
Bakı Metropoliteninin sədr müavini Hidayət Məmmədov 20 Yanvar faciəsinin 30-cu ildönümündə bütün stansiyaların matəm ab-havasında olacağını deyib:“Bizim bütün stansiyalarımızda matəm musiqisi səsləndiriləcək. Nəqliyyatın hər bir sahəsində olduğu kimi Bakı Metropolitenində də saat 12:00-da bütün stansiyalarda qatarlar dayanacaq və şəhidlərimiz bir dəqiqəlik sükutla yad olunacaqlar”.
Xatırladaq ki, 1990-cı ilin 20 Yanvar faciəsi zamanı Bakı Metropoliteninin deposunda çilingər işləyən İlqar Qarayev şəhid olub.