Metroya maskasız giriş qadağandır! - REPORTAJ

Fəaliyyətini bərpa edən Bakı Metropoliteni Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq vətəndaşların xidmətindədir. Bakı Metropoliteninə maskasız daxil olmaq qadağandır. Bundan başqa, sərnişinlərdən qatarları gözləyərkən və vaqonların içərisində sosial məsafəni saxlamaları tövsiyə edilir.

 

Bu qaydalara artıq vətəndaşlar da biganə qalmır. Məhz bunun nəticəsidir ki, metroya daxil olan bütün vətəndaşlar tibbi maskadan istifadə edirlər:

 

- Maskadan istifadə etmədən nəinki metrodan, avtobusdan da istifadə etmək olmaz. Sosial məsafəni də qorumalıyıq. Özümüz qorumalıyıq, hər şey dövlətin üzərinə düşməli deyil.

 

- Öz adıma deyirəm ki, sosial məsafəni saxlayıram metroda, maskamı da taxıram. Sizdən də xahiş edirəm ki, maskadan istifadə edin.

 

- Maskadan istifadə etmək bizim öz təhlükəsizliyimizə təminat vermək deməkdir. Metroya da girərkən mütləq maskadan istifadə olunsun. Özüm də sosial məsafəni qoruyuram, maskadan da istifadə edirəm.

 

Maska taxmaqdan imtina edən, bəhanə gətirən sərnişinlər üçünsə metroda səyyar maska satışı da təşkil olunub: “Polis əməkdaşları yoxlayır. Metro toplumun çox olduğu yer olduğu üçün onlar yoxlayırlar. Kimin maskası yoxdursa, yönləndirirlər bizə, biz də burdan maska ilə yola salırıq. Əks halda, aşağıda da yoxlamalar var, göndərilir yuxarı ki, olmaz”.

 

Karantin rejimi yumşaldılsa da, metro stansiyalarında infeksiyanın yayılmaması üçün xüsusi qaydalar tətbiq olunub. Bütün stansiya vestibülləri və platformalarında, eləcə də bütün vaqonların oturacaqlarında sərnişinlərə sosial məsafə saxlamaq barədə maarifləndirici tablolar asılıb. Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov deyir ki, maska taxmayan sərnişinlər haqqında müvafiq tədbir görülür: “Bakı Metropoliteninin fəaliyyətə başlaması müəyyən şərtlər daxilində mümkün olub. Bu şərtləri Nazirlər Kabineti yanında Operativ Qərargah müəyyən edib. Müvafiq icazəsi olan şəxslər Bakı Metropoliteninin girişində müvafiq qaydada yoxlanılır, daha sonra stansiyaya buraxılırlar. Onların tibbi maskası mütləq şəkildə olmalıdır”.

 

Metodiki göstərişin digər müvafiq tələbi sosial məsafə ilə bağlıdır: “Sosial məsafənin qorunması məqsədilə Bakı Metropoliteni bütün tədbirləri görüb. İlk növbədə stansiyaya daxil olarkən sərnişinlər müəyyən istiqamətləndiriciləri görürlər. Bu onların nizamlı, mütəşəkkil qaydada sosial məsafəni qoruyaraq stansiyaya daxil olmasını təmin edir. Maskalarla da bağlı müvafiq cərimələr tətbiq olunub. Ümumiyyətlə, sərnişinlər bilsinlər ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əməl olunmalıdır. Maskanın taxılması məcburidir”.

 

Bəxtiyar Məmmədov metropoliten ərazisində tətbiq olunan bu qaydaların karantin rejimi bitənə qədər davam edəcəyini bildirib.

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyi metrodan istifadə edən sərnişinlərə növbəti dəfə xəbərdarlıq edərək, onları qaydalara əməl etməyə çağırıb. Əks təqdirdə, qaydanı pozan sərnişinlər barədə ciddi inzibati cəza tədbiri tətbiq olunacaq.

 

Fatma Zahidqızı,

Musa Qulammirzəyev

Müəllif | Apa.Tv
Apa.tv