Məzahir Pənahov: “Bəzi namizədlər çalışır ki, MSK onları qeydə almasın”
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
APA TV-nin məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.
MSK sədri vurğulayıb ki, indiyə qədər 30231 yerli müşahidəçi qeydiyyatdan keçib: "Onlardan 29219 müşahidəçi dairə seçki komissiyalarında, 1012 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib”.
Seçkilərdə 19 siyasi partiyanın üzvləri təmsil olunur. Ümumilikdə 1542 nəfərin deputatlığa namizədliyi qeydə alınıb ki, onlardan 95 nəfər mübarizəni dayandırıb.
M.Pənahov deyib ki, fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində sənədlərini təqdim etmiş bəzi şəxslər qeydə alınmamağa çalışır: “Mərkəzi Seçki Komissiyası bu işdə maraqlı deyil. Ancaq onlar qəsdən sənədləri elə təqdim edirlər ki, biz onları qeydə ala bilməyək. Qeydə alınmamaq məsələsi məni çox təəccübləndirir. Bəziləri qəsdən elə vəziyyət yaradırlar ki, onları qeydə almaq mümkün olmur”.