Məzahir Pənahov: “Biz Avropa mədəniyyətinin dəyərlərini qəbul etmiş insanlarıq”

Mərkəzi Seçki Komissiyası (MSK) “Seçki mübahisələrinin məhkəmə qaydasında həlli” mövzusunda növbəti seminar-müşavirə keçirib.

 

APA TV-nin məlumatına görə, seminarda MSK sədri Məzahir Pənahov, Dairə Seçki komissiyalarının rəhbərləri və Vəkillər Kollegiyasının üzvləri iştirak ediblər.

 

Məzahir Pənahov bildirib ki, seçki prosesində hər bir namizəd və namizədliyi qeydə alınmamış hər bir şəxs narazılıqlarla bağlı müvafiq məhkəmə orqanlarına müraciət edə bilər: “Seçki Məcəlləsinin tələbinə görə, məntəqə seçki komissiyalarında baş verən hadisələrlə bağlı ilkin olaraq Dairə Seçki komissiyalarına müraciət olunmalıdır. Dairə Seçki komissiyalarının həmin məsələ ilə bağlı qərarı iddiaçını razı salmazsa, bu zaman onun hüququ var ki, yuxarı komissiyaya, yəni MSK-ya müraciət etsin. Həmin şəxs MSK-nın da qərarından narazı qalarsa, Apellyasiya Məhkəməsinə müraciət etsin. Oranın da qərarından razı qalmazsa, Ali Məhkəməyə müraciət etsin”.

 

MSK sədri qeyd edib ki, iddiaçı Azərbaycan məhkəmələrinin qərarından razı qalmadığı halda, ölkə hüdudlarından kənarda yerləşən məhkəmə orqanlarına müraciət edə bilər: “Milli Məclisə seçkilərdə Azərbaycan vətəndaşlarının həm də xüsusi hüququ var ki, ölkə hüdudlarındakı məhkəmə distansiyalarının, yəni Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin baxışından sonra Avropa Məhkəməsinə müraciət etsin. Çünki Azərbaycan Avropa ailəsinin üzvüdür. Biz bununla fəxr edirik. Azərbaycan sivil dünyanın bir hissəsidir. Bizim hamımız Avropa mədəniyyətinin dəyərlərini qəbul etmiş və o prinsiplər əsasında həyatımızı qurmuş insanlarıq”.

 

Xatırladaq ki, bu il fevralın 9-da Azərbaycanda növbədənkənar Parlament seçkiləri keçiriləcək.

 

Həmidağa Məcidov,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv