Məzahir Pənahov: “Məntəqələrdəki veb-kameraları şəxsən yoxlayıram”

"Sosial şəbəkələrdə bəzi məntəqələrdə onlayn kameraların işlək vəziyyətdə olmaması ilə bağlı yayılan məlumatlar əsassızdır".

APA TV-nin məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Xaricdə yaşayan bloqgerlərden biri veb-kameraların işləmədiyini, bəzi məntəqələrdə isə ümumiyyətlə, quraşdırılmadığı haqda məlumat yayıb: "Bu məsələ aydınlaşdırılıb.
Səhv etmirəmsə, həmin kameranın istifadəsi ilə bağlı istifadəçinin problemi olub. Həmin kameralar istifadə olunmazdan əvvəl sistem yenilənməlidir. Hazırda 1000 veb-kameramız var. Yoxlamaq olar ki, onların hamısı işlək vəziyyətdədir. Özüm şəxsən onların əksəriyyətini yoxlayıram".

Sədr həmçinin bildirib ki, bəzi məntəqələrlə bağlı şikayətlər MSK tərəfindən araşdırılır: "Neftçalada 61 saylı seçki dairəsinin 33 saylı seçki məntəqəsinə polis dəvət ediblər. Bununla bağlı Dairə Seçki Komissiyasına (DSK) müraciət edilib. Əgər komissiya Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq polisin müdaxiləsinə ehtiyac olduğu barədə qərar verərsə, polis məntəqəyə daxil ola bilər. Biz indi bu halı araşdırırıq. Bizə verilən məlumata görə, bütün qanuni addımlar atılıb. Buna baxmayaraq, özümüz araşdırma aparırıq".

Məzahir Pənahov deyib ki, cəmiyyətin diqqətini cəlb edən belə məsələlər olduqda əraziyə nümayəndə göndərilir, araşdırma aparılır: "Digər bir halın Bakının Sabunçu rayonundakı dairələrdən birində olduğu qeyd olunur. Oradan verilən məlumatlarda belə təəssürat yaradılır ki, ərazidə qeydiyyatda olmayan şəxslər səs verirlər və bunun qanunazidd olduğu görüntüsü yaradılır. Amma qanunvericilik baxımından bu, tamamilə əsası olmayan iddiadır. Çünki Seçki Məcəlləsinin tələbinə görə, vətəndaş son 6 ayda yaşadığı ərazi üzrə siyahıya daxil edilir. Seçici siyahısına daxil edilmə üçün vətəndaşın harada qeydiyyatda olmağındansa, harada yaşaması daha vacibdir. Çünki indi yüz minlərlə insan qeydiyyatda olmadığı ərazidə yaşayır. Seçki Məcəlləsinin də tələbi budur və dünya praktikasında da bu tələb əsas götürülür. Amma seçicinin adı seçici siyahısında yoxdursa və o, həmin məntəqədə səs veribsə, bu, artıq araşdırılmalıdır".

MSK sədri jurnalistləri seçki məntəqələrindəki qanun pozuntuları ilə bağlı MSK-ya məlumat verməyə və qərəzsiz olmağa dəvət edib.

Müəllif | Apa.Tv
Apa.tv