Məzarına xanımının çiyinlərində yola salınan şəhid - REPORTAJ
Qəhrəman igidimizin cənazəsini çiynində daşıyan bu qadının həyat yoldaşı Qubadlıya üçrəngli bayrağımızı sancıb. Bununla kifayətlənməyib, Laçın uğrunda döyüşlərə qatılıb və dəhlizi istiqamətində şəhidlik zirvəsinə ucalıb...
Qarabağın azadlığı uğrunda Vətən Müharibəsinin son günlərində sosial şəbəkələrdə müzakirələrə səbəb olmuş bu şəkil Azərbaycanda hər kəsin ürəyini dağlayıb, yaddaşlara yazılıb. Söhbət şəhid olan həyat yoldaşının tabutunu torpağa çiyinlərində daşıyan Firuzə Cəfərovadan gedir. Xalqımız onu kimliyindən xəbərsizcə sevdi və qürur duydu. O, Qarabağın azadlığı uğrunda şəhid olan həyat yoldaşı Royal Cəfərovun cənazəsini çiyinlərində aparmağı Röyala olan son borcu kimi qəbul edib: “Bir şey var idi ki, yoldaşıma olan son vəzifəm idi. Son borcum idi. Çünki biz Röyal ilə dost-sirdaş olduq. Dörd ilimizi bir yerdə paylaşdıq. Son vəzifəm idi yoldaşıma, yerinə yetirdim”.
Gəncənin Məhsəti qəsəbəsində yaşayan Röyal 44 günlük müharibənin ilk günündən ön cəbhədə döyüşlərə qatılmaqla son arzusuna çatıb. İşğaldan azad olunan Qubadlıya bayrağımızı sancmaq ona qismət olub. Müdafiə Nazirliyinin yayımladığı video-görüntülərdə düşmən bayrağını təpikləyib yerə salan, qürur və ehtiramla öz bayrağımızı azad edilmiş Qubadlıya sancan və üçrəngli, ay-ulduzlu bayrağımızı orada dalğalandıran igid əsgərimizin görüntüləri hamımızı qürurlandırmışdı. Amma çox keçmədi ki, sarsıdıcı xəbər gəldi - igidimiz hərbi əməliyyatların dayandırılmasına cəmi bir neçə gün qalmış, noyabrın 4-də Şuşa və Laçın dəhlizində düşmən gülləsinə tuş gələrək, şəhadətə qovuşub: “Röyal sentyabrın 27-si gedir Murova. Murovdan sonra Füzuli, sonra Zəngilan, Cəbrayıl, Qubadlıda döyüşüb. Qubadlıda üçrəngli bayrağımızı sancır. Sonra Laçın dəhlizində şəhid olur. Şəhidlik zirvəsinə ucalır – STIK – Bəli, erməninin bayrağını dağın başından salıb öz bayrağımızı dalğalandırır. Biz Röyal ilə fəxr edirik. Mənim də, mənim iki balamın da bu gündən bir tərəfi Qubadlı, digər tərəfi Laçındır”.
Qarabağın işğaldan azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan 30 yaşlı Röyal Cəfərovun həyat yoldaşı deyir ki, biz onunla qürür duyuruq və fəxr edirik. Deyir, qaynıma zəng gəldi və onu Füzuliyə çağırdılar. Əvvəl mənə bildirildi ki, o yaralıdır. Ancaq noyabrın 7-i axşam saatlarında, bayrağa bürünmüş nəşini gətirdilər...
Röyalın anası Afət Cəfərova deyir ki, onunla son dəfə əlaqə saxlayanda yaxşı olduğunu və qayıdacağını bildirib: “Ayın 3-ü danışdıq. Əvvəldən bilirdik ki, Laçın dəhlizindədir. Deyirdi, ağlama, özünə bax. Mən yaxşıyam”.
Şəhid atası Vaqif Cəfərov da oğlu ilə qürur duyduğunu deyir. Atasının isə övladına bir nəsihəti olub. “Nə edirsən et, düşmənə əsir düşmə, ya öldür, ya da şəhidlik zirvəsinə ucal”. Səbəbini də belə izah edir ki, onun düşmənə əsir düşməsinə dözə bilməzdi: “Şəhid olmamışdan bir gün əvvəl zəng eləmişdi ki, Laçına gedirik. Ondan əvvəl dedi, televizora baxın. Soruşduq hardasan. Dəqiq demədi yerini. Sonra televizorda Prezidentimiz danışanda həmin binanı göstərdilər. Binanın başından erməni bayrağını atıb öz bayrağımızı sancdı. Özü sancmışdı. Dedi, o, mən idim. Fəxr elədik. Bir dəfə Cəbrayılda olanda zəng elədi ki, mühasirəyə düşmüşük. Dedim, şəhid ol, amma əsir olma”.
Yaralı Röyalı xilas etməyə çalışan döyüş yoldaşı həm də onunla birgə hərbi təhsil Süleyman Məmmədov olub. Süleyman Röyalı yaralı halda döyüş zonasından çıxaran zaman gülə yağışına tutulub və özü də yaralanıb. Onlara doğru gələn 8 erməni əsgərini güllələyərək öldürüb, sonra isə dostunun meyitini ermənilərin əlinə keçməməsi üçün yaralı vəziyyətdə özü ilə 700 metrlik məsafəyə daşıyıb: “Röyalı sürüyə-sürüyə çıxarırdım. Bir qədər də aparandan sonra Röyalı vurdular. İkinci dəfə yenə vurdular. Yerə yıxıb danışmaq istədim, gördüm, yox, danışmağa halı yoxdur. Elə həmin istiqamətdə Röyalı aparanda qolumun altından vurdular məni”.
İndi şəhidimizin ailəsinə və Vətəninə 2 yadigar qalıb: Röyalın 4 yaşlı qızı Yağmur və 3 aylıq oğlu Rüzgar. Oğluna bu adı özü versə də, onu cəmi bir ay görə bilib. Son arzusu ailəsini sonuncu dəfə görüb şəhid olmaq imiş, amma bu arzusuna çatmadan şəhadət zirvəsinə yüksəlib. Allah rəhmət eləsin!
Fuad Nazim oğlu,
Mehdi Məmmədov,
APA TV Gəncə