MHP-nin Şuşada tikdirəcəyi məktəb Təhsil Nazirliyinə təhvil veriləcək

“Ermənistanın işğalı altındakı Qarabağ torpaqları 30 il sonra Azərbaycan Ordusu tərəfindən qısa müddətdə işğaldan azad edildi”.

 

APA TV -nin məlumatına görə, bunu bu gün Azərbaycana səfəri ilə bağlı keçirilən mətbuat konfransında Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Ankaradan deputat Mevlüt Karakaya bildirib.

 

O, həm Ermənistanın işğalı zamanı qətl edilən azərbaycanlılara, həm də son hərbi əməliyyat zamanı həlak olan şəhidlərə rəhmət diləyib: “Qarabağ zəfəri türk millətinin son illərdə əldə etdiyi ən böyük zəfərlərdən biridir. Şuşanın azad edilməsi Qarabağ zəfərinin taclandıran zəfərlərdən biridir. MHP lideri Dövlət Baxçalı bildirib ki, Şuşanın inkişafı və bu şəhərdə yaşayan türk övladlarının gələcəyi hamımızın məsuliyyətindədir. O, Türkiyə Prezidenti və Azərbaycan Prezidenti uyğun sayarlarsa, Şuşada Ülkü Ocaqları tərəfindən məktəb tikilməsini istəyib və bunun adının Üzeyir Hacıbəyli adına məktəb olmasını təklif edib”.

 

Mevlüt Karakaya qeyd edib ki, yanvarın 29-da MHP nümayəndə heyəti Bakıya gəlib, yanvarın 30-da Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, bu gün isə Prezident İlham Əliyevlə görüşüblər: “Yanvarın 30-da bu görüşlərin keçirilməsinin də tarixi bir anlamı var. 30 yanvar həm də Üzeyir Hacıbəylinin müəllifi olduğu Azərbaycan milli marşının - Dövlət Himinin qəbul edildiyi tarixdir. Prezident İlham Əliyev məktəb binası üçün münasib yerin seçilməsi məqsədilə müvafiq təlimatlar verib. Biz Azərbaycan Prezidentinə təşəkkür edirik. Eyni zamanda Hikmət Hacıyevə və Təhsil nazirinə də təşəkkür edirik”.

 

MHP sədrinin müavini nəzərə çatdırıb ki, ən qısa müddətdə məktəb layihəsi həyata keçiriləcək: “Ülkü Ocaqlarının Təhsil və Mədəniyyət Dərnəyi bu məktəbi Şuşa memarlığına uyğun tikəcək və Azərbaycan Təhsil Nazirliyinə təhvil verəcək”.

 

Məktəbdən istifadə ilə bağlı qərarı Təhsil Nazirliyi verəcək. 11 sinifli ibtidai məktəb tikiləcək.

 

Sevinc Vaqifqızı

Əli Ələkbər

APA TV

Müəllif | Apa.Tv
Apa.tv