Mikayıl Cabbarov: “Fərdi gigiyena və sosial məsafə gündəlik həyat tərzinə çevrilməlidir”
“Pandemiyanın müddətini dəqiq proqnozlaşdırmaq mümkün deyil və bu müddət qaydalara riayət edilməsindən asılıdır”.
APA TV-nin məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, sahibkarlar yeni qaydaları başa düşməli və tətbiq etməlidir. Fərdi gigiyena və sosial məsafə gündəlik həyat tərzinə çevrilməlidir.
Mikayıl Cabbarov ticarət obyektlərində işçilərin qoruyucu maskadan istifadənin mütləq olduğunu qeyd edib. Bildirib ki, sonrakı mərhələdə kafe və restoranlar açılanda masalar arası məsafələrlə bağlı tələblərə riayət olunmalıdır.
Nazirin sözlərinə görə, xüsusi karantin rejiminin böyük məsrəfləri var. Hazırda pandemiya səbəbindən Azərbaycan iqtisadiyyatının gündəlik itkisi 120-150 milyon manat həcmində qiymətləndirilə bilər: “Bu, bütün dünyada belədir. Dünya iqtisadiyyatında da tənəzzül proqnozlaşdırılır və bu proqnozlar davamlı yenilənir. Bu rejimi tətbiq edərkən Azərbaycan hökuməti, aidiyyəti strukturlar bundan məlumatlı idi. Əhalinin sağlamlığı prioritet seçildi və istənilən iqtisadi prosesdən üstün tutularaq qərar verildi. Artıq hədəflərə nail olunub, bunu dinamikada görürük”.
Mikayıl Cabbarov deyib ki, pandemiyadan zərər çəkən sahibkarlara dövlətin əhəmiyyətli dəstəyi təmin edilib. Sahibkarlara dəstək onlayn, şəffaf rejimlə birbaşa uğurla həyata keçirilir. Dövlət tərəfindən sahibkarlara verilən dəstək həm aprel, həm də may ayı üçün nəzərdə tutulur: “Karantindən çıxdıqdan sonra iqtisadi fəallıq dərhal bərpa edilməyəcək. Tövsiyələrdən biri ondan ibarətdir ki, istər ticarət, istər istehsal və xidmət müəssisələrində minimal sayda əməkdaşlar cəlb olunsun. Təbii olaraq bu, ilk növbədə sanitar-epidemiologi qaydadan irəli gələn məsələdir. Fəaliyyətin tam şəkildə bərpa olunmadığını nəzərə alsaq, bu, müəssisələrin işgüzar aktivliyinə birmənalı təsir göstərəcək”.
İqtisadiyyat naziri deyib ki, sahibkarlara əlavə dəstək tədbirlərinə ehtiyac olduğu halda, bu istiqamətdə müvafiq tətillər həyata keçiriləcək.