Mikayıl Cabbarov Naxçıvanda sahibkarlarla görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə dövlət qurumlarının təmsilçiləri və iş adamlarından ibarət nümayəndə heyətinin Naxçıvana səfəri çərçivəsində “Naxçıvanda sahibkarlığın inkişafı: çağırışlar və perspektivlər” mövzusunda görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək bildirib ki, dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar Naxçıvanın inkişafında yeni mərhələnin başlanmasına zəmin yaradıb. Bu baxımdan, Naxçıvanda idarəetmənin təkmilləşdirilməsi, şəffaflığın artırılması, iqtisadi resurslardan səmərəli istifadə, özəl bölmənin inkişafı kimi istiqamətlər prioritetdir.

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, ölkəmizdə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik təkmilləşdirilir, dövlət-biznes dialoqu genişlənir. Məqsədyönlü dövlət proqramları çərçivəsində bölgələrimizin tarazlı inkişafının sürətləndirilməsi prioritetinə uyğun olaraq həyata keçirilən tədbirlər bütün regionlarımızı, o cümlədən, Naxçıvanı da əhatə edir. Bu istiqamətdə dövlət başçısının tapşırığına uyğun olaraq, Naxçıvanın sosial-iqtisadi inkişaf proqramı və strateji layihələr hazırlanır. Bu layihələr çərçivəsində yeni iş yerləri yaradılacaq ki, bu da iqtisadi inkişaf zəncirinin tamamlanmasına xidmət edəcək.

 

Bildirilib ki, bütün qeyd edilənlərlə yanaşı, Zəngəzur dəhlizinin açılması Naxçıvanı mühüm nəqliyyat qovşağına çevirəcək, Azərbaycanın beynəlxalq logistika mərkəzi kimi rolunun daha da artmasına şərait yaradacaq.

 

Görüşdə Naxçıvanda özəl sektorun qarşılaşdıqları məsələlər və qarşıda duran çağırışlarla bağlı müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib.

 

Tədbirdən sonra Naxçıvan Biznes Mərkəzinin sərgi salonuna baxış keçirilib, bir neçə  istehsal müəssisəsinin fəaliyyəti ilə tanışlıq olub.

Müəllif | Apa.Tv
Apa.tv