Mikayıl Cabbarovun iştirakı ilə videokonfrans keçirilib
Vergi xidməti işçilərinin peşə bayramına həsr olunmuş “Postpandemiya dövründə vergi sistemi” mövzusunda videokonfrans keçirilib.
APA TV xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov vergi xidməti işçilərini peşə bayramı münasibətilə təbrik edib, 2020-ci ildə ölkə iqtisadiyyatında müşahidə olunmuş trendlər, pandemiyanın təsirlərinin minimallaşdırılması və sahibkarlığın dəstəklənməsi üzrə görülmüş işlər, yeni çağırışlara uyğun həyata keçirilən iqtisadi siyasət barədə məlumat verib.
Nazir vurğulayıb ki, 2020-ci ildə iqtisadiyyata, həmçinin sahibkarlıq subyektlərinə genişmiqyaslı dövlət dəstəyi göstərilib. Qeyd olunub ki, ötən il ərzində sahibkarlara 358 milyon manatdan çox maliyyə dəstəyi göstərilib, 115 milyon manat həcmində vergi güzəştləri paketi təqdim edilib, 169 milyon manat həcmində dövlət zəmanətli kreditlər ayrılıb, mövcud kreditlər üzrə 33 milyon manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul olunub.
İqtisadiyyat naziri pandemiyanın təsirlərinin aradan qaldırılması, iqtisadi fəallığın bərpa edilməsi, biznesin aktiv fəaliyyətə qaytarılmasının hazırda qarşıda duran əsas vəzifələrdən olduğunu qeyd edib. Bu məqsədlə 2021-2025-ci illər üçün ciddi və dərin institusional islahatların həyata keçirilməsini tələb edən vəzifələr müəyyənləşdirilib.
Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin iqtisadiyyata reinteqrasiyası və bölgənin iqtisadi imkanlarının reallaşdırılması Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlənməsində böyük amil olacaq.