Milli Məclis 2020-ci ilin dövlət büdcəsi layihəsini II oxunuşda qəbul etdi

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib.


APA TV-nin məlumatına görə, iclasın gündəliyinə 19 məsələ daxil edilib.

 

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

 

Deputatlar “2020-ci il üçün yaşayış minimumu haqqında”, “2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları və digər məsələləri müzakirə edİb.

 

Qeyd olunub ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri isə 26 milyard 913,7 milyon manat proqnozlaşdırılır. Növbəti ildə sosialyönümlü xərclərin məbləği 10 milyard 642 milyon manat təşkil edəcək. Bu da cari illə müqayisədə 2 milyard 874 milyon manat və ya 37 faiz çoxdur.

 

Deputatların büdcə ilə bağlı qaldırdığı məsələlər Maliyyə Nazirliyi tərəfindən öyrənilib: “2020-ci ildə də dövlət büdcəsində investisiya layihələri üzrə kifayət qədər böyük məbləğ nəzərdə tutulub. Əvvəlki illərdəki kimi, bu layihələrin də, o cümlədən millət vəkilləri tərəfindən qaldırılan məsələlərin nəzərdən keçirilməsi nəticəsində müəyyən vəsaitlərin ayrılması təhlil oluna bilər. Sosialyönümlü layihələrin həyata keçirilməsi növbəti ilin investisiya layihələrində də öz əksini tapacaq”.

 

Müzakirələrdən sonra dövlət büdcəsi səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

 

“Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat və uşaqlar 170 manat məbləğində müəyyən edilib.

 

Sənəd müzakirəyə çıxarılaraq II oxunuşda qəbul olunub.

 

İclasda “Tibbi sığorta haqqında” qanun layihəsinə dəyişiklik də I oxunuşda müzakirəyə çıxarılıb.

Müəllif | Apa.Tv
Apa.tv