Milli Məclis AŞPA-ya etiraz məktubu göndərdi – İCLASLAR VİDEOKONFRANSLA KEÇİRİLƏCƏK
Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. APA TV-nin xəbərinə görə, iclasın gündəliyinə 24 məsələ daxil edilib.
İclası giriş sözü ilə açan spiker Sahibə Qafarova dünya gündəmini zəbt edən koronavirus pandemiyası mövzusuna toxunaraq bildirib ki, ölkəmizdə koronavirusla bağlı qabaqlayıcı tədbirlər həm insanların sağlamlığını qoruyacaq, həm də iqtisadi inkişafı təmin edəcək.
Spiker Prezident İlham Əliyevin keçirdiyi son müşavirədə beynəlxalq ictimaiyyətin gündəmində olan bir çox məsələlərlə bağlı əsaslandırılmış arqumentlərlə fikirlərini çatdırdığını söyləyib: “Dövlət başçısı o cümlədən AŞPA-nın Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində keçirdiyi qondarma “seçkilərə” münasibət bildirməməsini qeyd etdi. Bəzən təşkilatdakı antiazərbaycan, ermənipərəst qüvvələr ermənilərdən də çox onların mənafeyini müdafiə edirlər. Bu gün onların bu “seçki”lərə münasibət bildirməməsi qəbuledilməzdir. Bununla bağlı Milli Məclis tərəfindən AŞPA-ya etiraz məktubu göndərilib”.
Daha sonra iclasda Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib. Ədliyyə nazirinin müavini Vilayət Zahirov çıxışında bildirib ki, Ədliyyə Nazirliyi bələdiyyələrin qəbiristanlıqları idarə etməsi üçün Nazirlər Kabinetindən maliyyə vəsaiti ayrılmasını istəyib. Belə ki, bələdiyyələrin ərazilərinə daxil olan problemlərin aradan qaldırılması üçün, xüsusilə də kənd bələdiyyələrinin büdcəsinə bu məqsədlə dotasiyaların artırılması, həmçinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan qəbiristanlıqların dövlət reyestrində qeydə alınaraq bələdiyyələrə təhvil verilməsinə görə maliyyə və inzibati resursların müəyyən edilməsi məsələlərinə baxılması xahiş olunub.
Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov da çıxışında 20 ildən artıqdır ki, Azərbaycanın işğal edilmiş ərazilərində bələdiyyə seçkilərinin keçirilməsinin mümkünsüzlüyünə diqqət çəkib: “Burada 1 milyondan artıq insan bu hüquqdan məhrum edilib. Ancaq ATƏT DTİHB, AŞPA və digər müvafiq beynəlxalq qurumlar bu işğalın nəticəsində bu insanların seçmək və seçilmək kimi fundamental hüququnun yerinə yetirilməsi ilə bağlı bir bəyanat da səsləndirməyib. Bununla yanaşı, hansısa məntəqədə səsvermənin pozulması ilə əlaqədar kifayət qədər bəyanat verdilər, ancaq 1 milyon insanın səsvermə hüququnun təmin edilməməsi qarşısında hələ də susurlar. Ədalətsizlik buradan başlayır. Ona görə də bu məsələləri konkret olaraq beynəlxalq təşkilatlar qarşısında qaldırıb, əlimizdə olan faktlar əsasında çıxışlar etməliyik”.
Daha sonra iclasda “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020) yubiley medalının təsis edilməsi haqqında” qanuna təklif edilən dəyişikliklər və yubiley medalının Əsasnaməsi müzakirə olunub. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
“Təhsil haqqında” qanunda isə Azərbaycan hökuməti valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş tələbələrin magistratura xərclərini öz üzərinə götürməsi ilə bağlı yeni dəyişiklik müzakirə edilib. Qanun layihəsi səsverməyə çıxarılaraq, birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, bundan sonra Milli Məclisin plenar iclasları videokonfrans sistemi ilə keçiriləcək. Bu, üçüncü oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Qanun layihəsinə əsasən, bu il dekabrın 30-dək karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının, həmçinin Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək. Videokonfrans sistemi vasitəsilə keçirilən iclaslarda səsvermə ilə bərabər, həm də qeydiyyat deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcək. Bu dəyişiklik Milli Məclisə seçim imkanı verəcək ki, virtual iclaslar internetlə yanaşı, intranet (ölkədaxili), lokal şəbəkələrdən istifadə etməklə reallaşdırılsın.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
İlahə Vəliyeva
Musa Qulammirzəyev
APA TV