Milli Məclis Fransa Senatına etiraz bəyanatı qəbul etdi
“Ötən gün Fransa Senatında Azərbaycana qarşı çirkin siyasi aksiya təşkil olunub və Azərbaycana qarşı qərəzli sənəd qəbul edilib”.
APATV-nin xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
O bildirib ki, qətnamədə xalqımızın apardığı vətən mübarizəsinin üzərinə kölgə salmağa cəhd göstərilib: “Eyni zamanda Ermənistan-Azərbaycan müharibəsi təhrif edilib. İş orasıdır ki, hətta Senatın üzləri Fransa hökumətini qondarma rejimin müstəqilliyini tanımağa çağırıblar. Milli Məclisdə haqlı olaraq buna qarşı bəyanat qəbul edilməsi zərurəti yaranıb”.
Deputat Azay Quliyev isə hesab edir ki, bu kağız parçası rişxənd doğuran maddələrlə doludur. Qətnamədə əks olunan bütün müddəalar Ermənistan və Azərbaycan arasında əldə olunan atəşkəs razılaşmasını təhlükəyə atır: “Azərbaycan da Fransanın ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri kimi iştirakına etiraz etməlidir. Fransadakı səfirimiz geri çağırılmalıdır. Qətnamə ləğv olunana kimi Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun da fəaliyyəti dayandırılmalıdır”.
Deputat Kamal Cəfərov bildirib ki, Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamə beynəlxalq hüquqa zidd olduğundan, həm beynəlxalq miqyasda, həm də Fransanın özündə heç bir hüquqi qüvvəsi yoxdur: “Bu qətnamə Avropa İttifaqının və Avropa Şurasının mövqeyinə ziddir. Çünki hər iki təşkilat bütün tərəflərə car ilin 10 noyabr tarixində imzalanmış birgə bəyanata qarşı hər hansı fəaliyyətdən çəkinməyi tövsiyə edir. Fransa Senatının bu mövqeyi onların ATƏT-in Minsk Qrupu çərçivəsindəki neytral mandatına ziddir”.
“Beynəlxalq hüquq haradadır? Biz 30 ildir o hüquqa söykəndik, nəticə olmadı. Bizim nəticə 44 günlük gücə söykənir” - deyə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli bildirib.
Deputat Əli Məsimli isə əminliklə vurğulayıb ki, Fransa Senatının qəbul etdiyi qətnamədə erməni izi görülməkdədir: “Əlcəzairdə, Kamerunda və digər yerlərdə soyqırımları törətmiş Fransa bilavasitə Xocalıda, İkinci Qarabağ müharibəsində, Gəncədə, Bərdədə ermənilərin törətdiyi soyqırımlarının iştirakçısıdır. Bu qətnamədən qorxmaq lazım deyil. Qətnamədən çıxan məqamlarla Fransanın üzərinə getmək lazımdır ki, ATƏT-in Minsk Qrupu həmsədrliyindən imtina etsin”.
Vaxtilə ümummilli lider Heydər Əliyev Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olmasına kəskin etiraz etdiyini deyən deputat Qüdrət Həsənquliyev bildirib ki, Fransa bizi inandırmağa çalışsa da, sözünü tutmadı: “Fransa Prezidenti müharibə başlayandan dəfələrlə Rusiya Prezidenti Vladimir Putinə zəng edib, yalvarıb ki, Azərbaycana ərazi bütövlüyünü bərpa etməyə imkan verməsin. Amma Rusiya münaqişənin Azərbaycanın ərazilərində getdiyini bildirirdi. Fransanın qəbul etdiyi qətnamə Azərbaycana və Türkiyəyə qarşı olan kininin göstəricisidir”.
Daha sonra deputat Cavanşir Feyziyev Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatını səsləndirib:
“1. Son günlər tutduğu mövqe ilə bitərəfliyini şübhə altına qoyan Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən geri çağırılması üçün ATƏT rəhbərliyinə müraciət edilsin;
2. Azərbaycan Respublikası və Fransa Respublikası arasında mövcud siyasi münasibətlərə yenidən baxılsın;
3. Azərbaycan və Fransa hökumətləri arasında iqtisadi münasibətlərə yenidən baxılsın, dərindən təhlil edilsin və müvafiq tədbirlər görülsün".
Sənəd səsə qoyularaq, qəbul edilib.
İlahə Vəliyeva
Faiq Həsənov
APA TV