Milli Məclisdə 190 manatlıq yardımın yenidən verilməsi təklif olunub
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.
APA TV-nin məlumatına görə, iclasın gündəliyinə 17 məsələ daxil edilib.
İlk olaraq spiker Sahibə Qafarova ötən gün “Şərq Tərəfdaşlığı” ölkələrinin videokonfrans formatında keçirilən sammitinə münasibətini bildirib. Sədr tədbir zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın düşdüyü duruma münasibət bildirib: “Dövlət başçısı Ermənistan hakimiyyətinin danışıqları pozmaq cəhdlərini açıq mətnlə ifşa edərək dedi ki, Ermənistan beynəlxalq təşkilatlar tərəfindən münaqişəyə dair qəbul edilmiş müvafiq sənədlərə əməl etmir, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirir, danışıqların mahiyyət və formatını məhv etməyə çalışır. Azərbaycan Prezidentinin səsləndirdiyi təkzibedilməz faktlar və dəlillər qarşısında Ermənistanın baş naziri növbəti dəfə beynəlxalq ictimaiyyət qarşısında aciz vəziyyətə düşdü”.
Cari məsələlərin müzakirəsi zamanı deputat, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Soltan Məmmədov Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində çəkilən və Kann Festivalına təqdim olunmuş Nora Martirosyanın “Külək sakitləşərsə” (Si le vent tombe) filmi ilə bağlı Azərbaycan ictimaiyyətinin etirazını diqqətə çatdırıb: “İşğal olunmuş Azərbaycan torpaqlarında çəkilmiş bu film münaqişənin bütün tarixini, səbəblərini və məğzini təhrif etmək məqsədinə xidmət edir. Diqqətinizə çatdırmaq istərdim ki, Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfirliyi də Fransanın müvafiq qurumlarına məsələ ilə bağlı öz etirazını bildirib. Qeyd etmək istərdim ki, Fransanın iki regionu tərəfindən filmin çəkilişinə maliyyə və maddi-texniki yardım göstərilib, eyni zamanda Kann Festivalının sponsor tərəfdaşı olan Provence Alpes Cote d'Azur regionu da filmin istehsalına dəstək verib. Vurğulamaq istərdim ki, bu cür fəaliyyətlər Fransa qanunvericiliyi ilə tənzimlənən Ərazi vahidlərinin beynəlxalq əməkdaşlıqda davranış və nəzarət qaydaları üzrə hüquqi çərçivədə müəyyən edilmiş prinsiplərə ziddir”.
Deputat Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi Fransanın Azərbaycandakı səfirliyinə müraciət edərək, bu məsələyə münasibət bildirməyə çağırıb.
Deputat Əli Məsimli isə aprel və may ayında verilən 190 manatlıq birdəfəlik ödənişin növbəti aylarda da verilməsinin vacibliyindən danışıb: "Aprel və may ayında verilən 190 manatlıq birdəfəlik ödəniş iyun və iyul ayında da verilməlidir. Pandemiyadan əziyyət çəkən sahələrə də iyun və iyul aylarında ödəniş edilməsi vacibdir. Aprel və may aylarında sahibkarlara və əhaliyə verilən dəstək sonradan ona görə kəsildi ki, karantin rejimi formasını dəyişdi. Biz yenidən karantin rejiminin əvvəlki formasına qayıdırıqsa, bir neçə istiqamətdə işlərimizi sürətləndirməliyik”.
Maliyyə naziri Samir Şərifov isə Əli Məsimlinin bu təklifinə münasibət bildirərək məsələnin diqqətdə olduğunu deyib: “Əli Məsimlinin qaldırdığı məsələlər hökumətin və dövlət başçısının diqqətindən kənarda deyil”.
“Bu gün bizi gözləyən ciddi təhlükələrdən biri sosial şəbəkələr üzərindən hansısa təxribatçı qrupun dövlətə qarşı fəaliyyətidir” - deyən deputat Fazil Mustafa isə bildirib ki, bu istiqamətdə ikinci dalğanı Dağıstanda baş verən hadisələr üzərindən etməyə çalışırlar: “Sosial şəbəkələrdə bununla bağlı təxribatçı çıxışları gördük. Dövlət başçısının müdrik siyasəti nəticəsində bu dalğanın da qarşısı alındı. Bu gün pandemiya ilə bağlı vəziyyət mürəkkəbdir. Hazırda ölkəmizdə xalqın qarşısına çıxıb açıqlama, izahat verəcək virusoloq, bakterioloq yoxdur. Dünyada təcrübə var ki, başqa ölkələrdən bu sahənin mütəxəssislərini dəvət etmək olar. Digər tərəfdən, pandemiyada bütün məsuliyyəti polisin üzərinə atmaq olmaz. Əgər marşrutda maskasız sərnişin varsa, sürücü marşrutu idarə etməsin. Bu gün çox ciddi qərarlar almalıyıq. Lazım olsa, Milli Məclisin iclaslarını da təxirə salmaq istiqamətində düşünməli və onlayn iş sisteminə keçməliyik”.
Vitse-spiker Adil Əliyev isə Cinayət Məcəlləsinə şəhid olmuş şəxslərin şərəf və ləyaqətinin qorunması ilə bağlı xüsusi maddənin əlavə edilməsini təklif edib.
İlahə Vəliyeva,
Musa Qulammirzəyev
APA TV