Milli Məclisdə bir sıra sənədlərə dəyişikliklər qəbul edilib
Bu gün Milli Məclisin plenar iclası keçirib.
APA TV-nin xəbərinə görə, iclasın gündəliyinə 7 məsələ daxil edilib.
Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, bir neçə gündən sonra xalqımız tariximizə qızıl hərflərlə yazılmış 15 iyun - Milli Qurtuluş Gününü qeyd edəcək. Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsi, xalqımızın, Azərbaycan dövlətçiliyinin sözün həqiqi mənasında xilası tarixidir: “Bu tarixi yaradan, yazan isə milli, müstəqil dövlətçiliyimizin banisi Ulu Öndər Heydər Əliyevdir. Heydər Əliyevin yüksək səriştəsi, liderlik bacarığı, zəngin dövlətçilik təcrübəsi Azərbaycanı siyasi təlatümlərdən, beynəlxalq təcriddən xilas etdi. Ölkəmizdə hökm sürən özbaşınalıq aradan qaldırıldı və ictimai-siyasi sabitlik təmin olundu. Qısa müddət ərzində Ümummilli Liderin rəhbərliyi ilə köklü islahatlar başlandı, dövlətçiliyin əsasları yaradıldı. Buna paralel olaraq, cəmiyyətimizin ideoloji əsasları formalaşdırıldı, azərbaycançılıq məfkurəsi dövlət ideologiyası kimi qəbul edildi. Demokratik inkişaf, insan hüquqları ilə bağlı çox ciddi islahatlara start verildi”.
Sonra parlamentin iclas zalında Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar hazırladığı video-material nümayiş olunub.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev Avropa Parlamentinin Ermənistanın Dağlıq Qarabağa üçüncü yol çəkməsi əleyhinə verdiyi bəyanatı Azərbaycan diplomatiyasının uğuru və Avropa Parlamentinin obyektiv qərarı kimi dəyərləndiriblər.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıb.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə” məlumat verib. Layihə Muxtar Respublikanın Babək qəsəbəsinə şəhər, Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusu verilməsini nəzərdə tutub. Layihə səsə qoyularaq qəbul edilib.