Milli Məclisdə Fransanın həmsədrlikdən getməsi tələb olunub

“Bir neçə gün öncə Fransa Senatında olan 5 əsas fraksiyanın rəhbərləri Azərbaycan torpaqlarında yaradılan qondarma qurumun tanınması ilə bağlı qətnamə irəli sürüb. Hətta Fransadan bəzi nümayəndələr qondarma quruma qarşı loyal münasibət göstərib”. APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova bildirib.

 

Onun sözlərinə görə, Fransanın siyasi rəhbərliyi ATƏT-in Minsk Qrupunun həmsədri kimi qərəzli mövqe ortaya qoyub. Atılan addımlar Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli mövqedir: “Vasitəçi mandatı beynəlxalq hüquqla müəyyənləşdirilmiş prinsiplərə söykənməlidir. Bu məsələlər beynəlxalq hüquqi sənədlərdə də aydın şəkildə göstərilib. Milli Məclisin Fransa ilə parlamentlərarası dostluq qrupunun rəhbəri və üzvləri, eyni zamanda Milli Məclisin Beynəlxalq münasibətlər komitəsi bu məsələni diqqətdə saxlamalıdır”.

 

Deputat Fəzail Ağamalı isə təklif edib ki, Xarici İşlər Nazirliyi Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfirini məsləhətləşmələr üçün geri çağırsın: “Eyni zamanda əgər Fransa Senatında qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması ilə bağlı sənəd qəbul edilərsə, Azərbaycan Fransa ilə bütün diplomatik əlaqələrinə son qoymalıdır”.

 

Fransanın BMT TŞ-nin daimi üzvü kimi funksiyasını düzgün yerinə yetirməyə çağıran deputat Tural Gəncəliyev bildirib ki, Fransanın Dağlıq Qarabağ münaqişəsində sərgilədiyi mövqe onun obyektiv olmadığından xəbər verir: ”Fransanın özü işğalın, təcavüzün nə demək olduğunu yaxşı bilir. Vaxtilə Əhmədiyyə Cəbrayılov kimi Azərbaycan oğlu Fransanın təcavüzdən qurtarılması üçün döyüşüb. Hətta ona Fransa siyasi rəhbərliyi tərəfindən “Legion” ordeni verilib. ATƏT PA-da, AŞPA-da çıxışlarımda da qeyd etmişəm, bəlkə də orda yeganə deputatam ki, 28 ildir öz evimə gedib çıxa bilmirəm”.

 

Deputat Vahid Əhmədov da Fransanın tarix boyu Ermənistanın yanında olduğunu vurğulayaraq bildirib ki, bu gün də onlar ölkəmiz əleyhinə aydın mövqe nümayiş etdirirlər: “Hesab edirəm ki, Fransa həmsədr kimi fəaliyyət göstərə bilməz. Səməd Seyidovdan xahiş edərdim ki, Milli Məclis bununla bağlı xüsusi bəyanat qəbul etsin. Bunun üçün sənəd hazırlansın. Fransanın ATƏT-in Minsk Qrupu kimi həmsədrliyinin qəbuledilməzliyi bu sənəddə əksini tapmalıdır. Artıq ciddi işlər görmək lazımdır”.

 

Deputat Arzu Nağıyev də çıxışında Fransa parlamentinin bir qrup üzvünün hərbi əməliyyatların aktiv fazası dövründə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək, işğal olunmuş ərazilərdə yaradılmış qanunsuz rejimin nümayəndələri ilə görüş keçirməsinə və bu səfəri Fransanın separatçılarla həmrəyliyinin göstəricisi kimi qələmə verilməsindən danışıb:  “Təklif edirəm ki, Fransaya vasitəçi olaraq etimadsızlığı bəyan edək və Fransa ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsinə təyin edilməsi ilə bağlı verdiyi razılığı geri götürsün. Bir sözlə, Azərbaycan Fransa ilə bu qisimdə hər hansı bir təmasdan imtina etməlidir”.

 

Arzu Nağıyev onu da bildirib ki, şəhidlərimizin qanı bahasına başa gələn Qələbəmizə nə Fransa, nə də digər dövlətlər kölgə sala bilməz.

 

İlahə Vəliyeva,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv