Milli Məclisdə məhbuslara elektron nəzarət cihazı nümayiş etdirilib
Milli Məclisin növbəti plenar iclası keçirilib.
APA TV-nin xəbərinə görə, növbədənkənar sessiyanın gündəliyinə 16 məsələ daxil edilib.
Spiker Sahibə Qafarova deputat Ziyad Səmədzadəni yubileyi və Prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması münasibətilə təbrik edib ona can sağlığı, uğurlar arzulayıb.
Ziyad Səmədzadə isə təbrikə görə təşəkkürünü bildirib.
Daha sonra spiker 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə ordumuzun bütün şəxsi heyətini təbik edib: “Sabah, 26 İyun - Silahlı Qüvvələr Günüdür. Ali Baş Komandan İlham Əliyev başda olmaqla, ordumuzun bütün şəxsi heyətini təbrik edirəm. Bu gün ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun təchizatı yüksəlib. Xalqımız haqlı olaraq ordumuzla qürur duyur”.
Daha sonra gündəlikdə olan məsələlərin müzakirəsinə başlanılıb.
Deputat Kamal Cəfərov bir sıra məhbuslara tətbiq ediləcək elektron nəzarət cihazı və cihaza qulluq qaydasını nümayiş etdirib. Bildirib ki, cihaz məhbusun barmaq izi ilə 4 saatlıq işə salınır. Cihazı gün ərzində bir dəfə, bir saat elektrik enerjisi ilə təmin etmək üçün müvafiq avadanlıq da nümayiş olunub.
İclasda həmçinin Cinayət-Prosessual Məcəlləsinə bir neçə istiqamət üzrə dəyişikliklərlə bağlı təkliflər verilib.
Qeyd edək ki, bu və digər qanun layihələri səsə qoyularaq qəbul edilib.
İlahə Vəliyeva
Musa Qulammirzəyev
APA TV