Milli Məclisdə qanvermə aksiyası keçirildi

Bu gün Milli Məclisdə qanvermə aksiyası keçirilib.

 

APA TV-nin xəbərinə görə, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, Milli Məclis Birinci vitse-prezident Mehriban Əliyevanın irsi qan çatışmazlığından əziyyət çəkən xəstələrə yardım üçün könüllü qanvermə aksiyası ilə bağlı təşəbbüsünə qoşulub.

 

Milli Məclisin Sədri Sahibə Qafarova, deputatlar, Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları, o cümlədən jurnalistlər aksiyaya qoşularaq könüllü qan veriblər.

 

Donorlar əvvəlcə həkim nəzarətindən keçirilib, onların sağlamlıq durumu müəyyənləşdirildikdən sonra aksiyada iştirak etmələrinə icazə verilib.

 

Deputat Ceyhun Məmmədov bunun vətəndaş borcu olduğunu qeyd edib: “Bu bizim bir vətəndaş borcumuzdu. Bu gün ölkəmizdə qana ehtiyac yaranıb. Millət vəkili olaraq bizim də bu aksiyaya qoşulmağımız vacibdir. Hesab edirəm ki bu aksiyada hər birimiz iştirak etməliyik ki, bu ehtiyac təmin olunsun”.

 

Vüqar Bayramov isə bildirib ki, millət vəkili olaraq bu aksiyaya qoşulmağımız nəticə etibarı ilə həmrəyliyə dəstək vermiş olacaq: “Pandemiya dövrü həmrəylik tələb edir. Həmrəyliyin fərqli yolları var. Hesab edirəm ki, həmrəyliyin bir yolu da məhz qanvermə aksiyasıdır. Humanist aksiyadır. Bizim də millət vəkili olaraq bu aksiyaya qoşulmağımız nəticə etibarı ilə həmrəyliyə dəstək vermiş olacaq”.

 

Deputat Jalə Əliyeva bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndirdiyini və digər şəxsləri də qanvermədə fəal iştirak etməyə çağırıb: “Bu təşəbbüs  olduqca vacib və müqəddəs bir təşəbbüsdür. Biz də bu təşəbbüsə qoşulmaya bilməzdik. Biz vitse-prezident Mehriban xanıma bu günə kimi ölkəmiz və xalqımız üçün gördüyü bütün xeyirxah və humanist işlər üçün təşəkkür edirik. Biz də Parlamentin üzvləri olaraq dövlətimizin hər bir çağırışlarının yanındayıq. Ölkəmiz, xalqımız sağ salamat olsun. Bu bəladan hər birimiz əl birliyi ilə sağ salamat çıxa bilək. Cənab Prezidentin dediyi kimi “Güc birlikdədir, biz birlikdə güclüyük””. 

 

Deputat Fazil Mustafa isə hesab edir ki, pandemiya dönəmində insanların birləşməsi, həmrəylik nümayiş etdirməsi cəmiyyət olaraq olduqca vacib addımdır: “Hesab edirəm ki, vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım bu istiqamətdə çağırış etməklə cəmiyyətdə həm də mədəni səfərbərlik anlayışını təlqin edir. İnsanlarımız da imkanı çatdığı formada – kimisi pulu ilə, kimisi qanı ilə bu çağırışa qoşulub öz insanlıq borcunu yerinə yetirir. Bu aksiyaya qoşulan hər bir kəs ilk növbədə öz övladını göz önünə gətirər. Hər kəs öz üzərinə düşəni etsə o zaman Azərbaycanda tam fərqli bir həmrəylik mühiti yaranar”.

 

Aksiyada iştirak edən deputat Məzahir Əfəndiyev isə qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu deyir. Belə bir aksiyalarda yaxından iştirak etmək həm də vətəndaşlıq borcudur. “Hörmətli Mehriban xanımın təşəbbüsü ilə talassemiyalı xəstələrə yardım etmək olduqca böyük missiyadır. Düşünürəm ki, bizim verdiyimiz qan hansısa insanın sağalmasına və ya həyatda qalmasına yardım göstərərsə özümü xoşbəxt hesab edərəm. Əminəm ki, bu koronavirus bəlasından  ölkəmiz şərəflə çıxacaq. Biz birlikdə güclüyük”.

 

Qeyd edək ki, qanvermə aksiyası günün sonuna kimi davam edib.

Müəllif | Apa.Tv
Apa.tv